Rusiyada deputatlar müəllimlərin səfərbərliyə cəlb olunmasına etiraz edir-Narazılıqlar getdikcə artır..
Rusiya məktəblərində çalışan yüzlərlə müəllimə qismən səfərbərlik üçün çağırış vərəqəsinin göndərildiyi bildirilir.
Rusiya Dövlət Dumasının Təhsil Komitəsi rəhbərinin birinci müavini Yana Lantratova qismən səfərbərlik meyarlarına uyğun olmayan təhsil işçilərinin siyahısını genişləndirməyi xahiş edib.
AzEdu.az Rusiya mətbuatına istinadla xəbər verir ki, birinci müavin ibtidai və orta təhsil pilləsində çalışan müəllimlərin çağırış siyahısından çıxarılmasını təklif edib.
Əsasən orduda xidmət etmiş və hərbi vəzifəsi olan kişi müəllimlər qismən səfərbərliyə cəlb edilir. Bununla belə valideynlər məktəblərdə xüsusilə informatika, texnologiya və bədən tərbiyəsi fənləri üzrə onsuz da kişi müəllimlərin sayını az olduğunu nəzərə çatdıraraq narazılıqlarını bildirirlər.
Kənd məktəblərində də kişi müəllimlərin az olması əsas gətirilərək onların səfərbərliyə cəlb olunmasına etiraz edirlər. Yekaterinburq məktəblərinin birində şagird çağırış vərəqəsi alan müəllimin dərs saatlarının cədvəldən çıxarıldığını bildirib.
Bundan əvvəl ölkədə Ümumrusiya “İlin müəllimi” müsabiqəsinin finalçısı, tarix, ictimai elmlər və hüquq müəllimi İlya Kazantsevin orduya çağırılması xəbəri yayılmışdı. Onun tələbələri qubernator Mixail Vedernikova müraciət edərək sevimli müəllimlərinin səfərbərliyinə cəlb edilməməsini xahiş ediblər. Nəticədə o, xidmətə göndərilməyib.
Ölkədə “Müəllim” həmkarlar ittifaqı ilə yanaşı deputatlar da bu gün ölkə rəhbərliyinə müraciət ünvanlayıblar. Müraciətdə bütün kişi müəllimlərə səfərbərliyə cəlb olunma ilə bağlı möhlət hüququn verilməli olduğu deyilir. Həmçinin yüzlərlə müəllimə çağırış vərəqinin gəldiyi, hər müəllim üzrə orta hesabla 100-200 şagirdin tədrisdə problem yaşacağı və bunun dözülməz olduğu qeyd edilir.
Ölkənin müxtəlif regionlarından 2 məktəb direktorunun artıq qismən səfərbərliyə cəlb edildiyi bildirilir. Həmçinin valideynlər komitəsi də məsələnin ciddiliyini vurğulayaraq müraciəti dəstəkləyib.