Rusiya-NATO Şurası ləğv edildi
NATO-nun baş katibi Mark Rütte alyansın xarici işlər nazirlərinin iclasında Rusiya-NATO Şurasının ləğv edildiyini açıqlayıb.
“turaninsesi.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Rusiya-NATO Şurası artıq mövcud deyil. Rusiya-NATO Təsis Qanunu da yoxdur”, – Sikorski qeyd edib.
Onun sözlərinə görə, Varşava uzun müddətdir bu qərarı gözləyirdi.
“Bu gün biz Rusiyaya qarşı Avropa təhlükəsizliyini yaradırıq və bu, öz institusional ifadəsini tapıb”, – nazir vurğulayıb.
Xatırladaq ki, 1997-ci ildə Rusiya ilə NATO arasında Qarşılıqlı Münasibətlər, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Təsis Qanunu imzalanıb. Qanunda Rusiya və NATO-nun bir-birini düşmən kimi görmədiyi bəyan edilib. 2002-ci ildə Rusiya-NATO Şurasının yaradılması barədə razılıq əldə olunub. Bu qurumun əsas məqsədi Moskva və Brüsselin, ilk növbədə terrorçuluğa qarşı mübarizədə hərbi-siyasi hərəkətlərini əlaqələndirmək olub.
Arzu Paşaqızı