Rusiya-İran müqaviləsi Dumanın təsdiqinə çıxarılır

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi bu gün yekdilliklə Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiya edilməsini tövsiyə edib.

turaninsesi.az” xəbər verir ki, bu barədə komitənin sədri Leonid Slutski danışıb.

O bildirib: “Komitə bu gün yekdilliklə Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiya edilməsini tövsiyə edib. Məsələ aprelin 8-də Dövlət Dumasına baxılmaq üçün təklif edilib”.

Slutskinin sözlərinə görə, “müqavilə bütün sahələrdə, o cümlədən müdafiə, terrorizmlə mübarizə, enerji, maliyyə sektoru, nəqliyyat, sənaye, elm və texnologiya sahələrində hərtərəfli Rusiya-İran tərəfdaşlığının genişləndirilməsi üçün möhkəm zəmin yaradır”.

Slutski hesab edir ki, onun ratifikasiyası Rusiya Federasiyası ilə İslam Respublikası arasında ikitərəfli münasibətlərin son illərdə görünməmiş inkişaf dinamikasını tam əks etdirəcək.

O vurğulayıb ki, saziş sıçrayış xarakteri daşıyır və Moskva ilə Tehran arasında regional və qlobal səviyyədə, o cümlədən çoxqütblü dünya nizamının formalaşdırılması məsələlərində sıx koordinasiyaya zəmin yaradır. Komitə rəhbəri əlavə edib ki, eyni zamanda, hərbi ittifaqın yaradılması nəzərdə tutulmur.

Müqavilə 20 il müddətinə bağlanır və növbəti beşillik müddətə uzadılması mümkündür.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI