NASA Aya missiyalar üçün kosmik gəmilər sifariş edib
ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) “Artemis” proqramı çərçivəsində daha üç “Orion” kosmik gəmisi sifariş edib.
“Turanın səsi” xəbər verir ki, müvafiq açıqlama cümə axşamı kosmik gəmi istehsalçısı “Lockheed Martin” tərəfindən verilib.
“Lockheed Martin” şirkəti NASA-nı “Artemis” missiyaları üçün üç “Orion” kosmik gəmisi ilə təmin etmək üçün müqavilə imzalayıb. Vurğulanır ki, gələcəkdə idarə növbəti missiyalar üçün daha altı aparat sifariş edə bilər.
2019-cu ilin yazında NASA üç mərhələdən ibarət olan “Artemis” proqramının layihəsini açıqlayıb. Bunlardan birincisi (“Artemis 1”) “Orion”un Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir. İkinci mərhələ (“Artemis 2”) göyərtəsində ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşdur. Missiyanın üçüncü mərhələsində (“Artemis 3”) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır.