Müharibə ilə bağlı kritik tarix AÇIQLANDI: 12 avqustda… 

“Axios” portalının yazdığına görə, ABŞ və İsrail rəsmiləri İranın avqustun 5-də gecə İsrail ərazisinə zərbələr endirəcəyini gözləyirlər. “Üç Amerika və İsrail rəsmisi bildirib ki, onlar İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözləyirlər”, – portal qeyd edib. 

“The Jerusalem Post” isə yazıb ki, İran yəhudi xalqı üçün müqəddəs fəlakət günü olan 12-13 avqust tarixlərində İsrailə hücum etməyi planlaşdırır. Hücumun “Hizbullah” hərəkatı ilə birgə həyata keçiriləcəyi qeyd edilir. Digər təfərrüatlar verilmir. 

“Axios” həmçinin öz mənbələrinə istinadla bildirir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Maykl Kurilla avqustun 3-də Yaxın Şərqə gəlib və bir sıra Körfəz ölkələrinə, İordaniyaya və İsrailə səfər edərək, İranın potensial zərbəsini birgə dəf etmək üçün beynəlxalq və regional müttəfiqləri səfərbər etməyə çalışacaq. Nəşrin yazdığına görə, Kurillanın səfərinin əsas istiqaməti İordaniya olmalıdır, çünki bu ölkə aprelin 13-də İsrailə doğru uçan İran PUA-larının tutulmasında böyük rol oynamışdı.

İran prezidenti Məsud Pezeşkian paytaxt Tehrana səfər edən İordaniyanın xarici işlər naziri Ayman əs-Safedini qəbul edib. 

Pezeşkian görüşdə İranda rəsmi qonaq olan HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib və bu sui-qəsdi “İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvi” kimi qiymətləndirib. 

Digər tərəfdən, İran diplomatik kanallarla bölgə ölkələrinə İsrailə qarşı cavab hücumuna müdaxilə etməyə çalışacaqları təqdirdə onların da hədəfə alınacağını çatdırıb. 

İranın xarici siyasətində regionda və dünyada sabitliyin prioritet təşkil etdiyini bildirən Pezeşkian İsrailin fələstinlilərə qarşı hücumlarının dayandırılması üçün İslam ölkələrinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. 

İran regionda münaqişənin alovlanmasının əleyhinədir, lakin İsrail tərəfi etdiklərinə görə cavab verməlidir. 

APA-nın “Al-Arabiya”ya istinadən məlumatına görə, bu barədə adıçəkilən ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani jurnalistlərə bildirib. 

Bununla belə, o deyib ki, ölkəsi Yaxın Şərq regionunda gərginliyi artırmaq niyyətindən uzaqdır. 

Bu arada qeyd edək ki, avqustun 5-də Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrana gedib. 

APA-nın TASS-a istinadən xəbərinə görə, səfər çərçivəsində bir sıra yüksək vəzifəli şəxslər görüşlər nəzərdə tutulub. 

Belə ki, S.Şoyqu adıçəkilən ölkənin Milli Təhlükəsizlik üzrə Ali Şurasının rəhbəri Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri ilə danışıqlar aparacaq. İran prezidenti Məsud Pezeşkianın da Şoyqunu qəbul edəcəyi vurğulanıb. 

Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın geniş spektri və onun gücləndirilməsi – təhlükəsizlik sahəsindən ticarət-iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər məsələlər müzakirə olunacaq. 

Bu qarşıdurmanın Azərbaycana mümkün yaxın və uzaq təsirlər nə ola bilər? İranla İsrail arasındakı böyük müharibə təhlükəsi sovuşdumu? 

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, İran on illərdir ki, ABŞ və İsrailin hədəfindədir: “HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin iyulun 31-də İranın paytaxtında öldürülməsi sıradan bir hadisə deyil. Bu hadisə İrana edilən son xəbərdarlıq kimi dəyərləndirilməlidir. İran artıq on illərdir ki, Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu dəstələri maliyyələşdirməklə bölgədə gərginliyin aradan qaldırılmasına imkan vermir. Onun son onilliklər ərzində bu məqsədlə 300 milyard dollara qədər vəsait xərcləməsi İsraili və ABŞ-ı ciddi narahat edir. Digər tərəfdən, İran bütün imkanlarını bir araya gətirib nüvə silahına sahiblənmək istəyir. Bəzi məlumatlara görə, İran nüvə silahını artıq əldə edib və ya bunun bir addımlığındadır. Bölgədə terroru maliyyələşdirən bir ölkənin nüvə silahına yiyələnməsinin nə demək olduğunu böyük güclər çox yaxşı anlayırlar və bunun fərqindədilər. İsrail bununla bağlı son bir neçə ildə ABŞ və Avropa İttifaqını ciddi xəbərdar edib. Görünən budur ki, hadisələr özünün son partlayış nöqtəsinə yaxınlaşır. HƏMAS siyasi liderinin İranın paytaxtında öldürülməsindən sonra İranın İsrailə yenidən hücum edəcəyinə dair çağırışları qarşı tərəfi demək olar ki, elə də ciddi narahat etmir. Çünki bundan öncə İran İsraili raket və dron atəşinə tutmaqla öz hərbi gücünün hansı səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirmişdi.

Əhali sayı 90 milyona yaxınlaşan İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar bizim üçün arzuolunan deyil. Belə hərbi əməliyyatlar Azərbaycanda humanitar fəlakət yarada bilər. Əhalisinin böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edən İranda hər hansı bir hərbi toqquşma milyonlarla insanın ölkəni tərk etməsi və onların böyük əksəriyyətinin ilk növbədə Azərbaycana üz tutması ilə nəticələnə bilər. Ukraynada baş verənlər buna yaxşı nümunədir. Bu gün Ukraynanı müharibə səbəbindən tərk edən milyonlarla insan Avropanı böyük bir qaçqın problemi ilə üzləşdirib”. 

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, İran reallıqlarla barışmağa məhkumdur: “İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra, heç şübhəsiz ki, qüvvələr balansı və münasibətlər əvvəlki konfiqurasiyada davam etməyəcək. Aydındır ki, ilk növbədə bu proses İran-İsrail münasibətlərindəki dərin ziddiyyətlərdə özünü göstərməli idi. İsmayıl Haniyənin kim tərəfindən qətlə yetirilməsindən asılı olmayaraq insidentin İranın paytaxtında baş verməsi Tehran qarşısında dərin dilemma yaradır. İran sərt bəyanatlarla kifayətlənərək reallıqla barışmalıdır. Bu da ya Tehran üçün ciddi məğlubiyyət əmsalı olacaq, ya da İsrailə qarşı konkret hərbi həmlələrlə İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə onsuz da ciddi zədələnmiş nüfuzunun bərpasını və kifayət qədər güclü hərbi-siyasi subyekt olduğunu dünyaya göstərməyə məhkumdur. İranla İsrail arasında gərgin ritorika 45 ildən artıqdır ki, davam etsə də, bu ölkələrin hərbi qarşıdurması faktiki olaraq müşahidə olunmayıb. Yalnız qısa müddət öncə İranın İsrailə raket və dronlarla hücumu artıq Tehranın bu ölkəyə mümkün yeni həmlələri istiqamətində presedentin mövcud olduğunu deməyə əsas verir. Son günlər İran mediasının bu istiqamətdə vahid mərkəzdən idarə olunan güclü təbliğatı isə yalnız təbliğat olaraq qala və boş güc göstərisi ola bilməz. Lakin əlbəttə, heç bir qarşıdurma, o cümlədən  də İranın “qisas” xarakterli həmləsi bölgəyə yaxşı heç nə vəd edə bilməz. Onsuz da Yaxın və Orta Şərqin gərgin olan geosiyasi ab-havası, heç şübhəsiz ki, bütövlükdə regionda situasiyaya mənfi təsir edəcək. Bildiyiniz kimi, Azərbaycan konstitusion səviyyədə münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. O cümlədən də biz ölkəmizin xarici siyasətində mühüm mövqe tutan İsrail və cənub qonşumuz, ərazisində 30 milyondan artıq azərbaycanlının yaşadığı İran arasında hərbi qarşıdurmanı arzulamırıq. Sirr deyil ki, həmsərhəd ölkədə müharibə bu və ya digər formada qonşusuna da müəyyən aspektlərdən təsirsiz ötüşmür. Düzdür, 2023-cü ilin may ayında möhtərəm Prezidentin Şuşadan müraciətində ifadə edildiyi kimi, Azərbaycan təhlükəsiz adadır. Təbii ki, heç bir təhdid sərhədlərimizi adlaya bilməz. Lakin qonşumuzda başlayan hərbi qarşıdurmanın iqtisadi, sosial istiqamətlərdə mümkün təsirini neytrallaşdırmaq o qədər də asan məsələ deyil. Qarşıdurma, eyni zamanda bölgəyə yad olan və uzun illər ərzində regionda qeyri-sağlam maraqlar güdən dövlətlər üçün də fürsət deməkdir. Bu və ya digər formada münaqişə tərəfi kimi prosesə qatılmaqda həvəsli olan iri beynəlxalq  subyektlərin mümkün İran-İsrail münaqişəsindən yararlanmağa çalışacağı sirr deyil. Ona görə də 30 illik münaqişəyə hərbi-siyasi yolla birdəfəlik son qoymuş, dünya tarixində nadir bir nümunə kimi separatizmin kökünü kəsmiş beynəlxalq subyekt olaraq hər hansı dost, yaxud qeyri-dost dövlətlər arasında, ələlxüsus sərhədlərimiz yaxınlığında istənilən hərbi münaqişə ehtimalını arzulamır və regionda dayanıqlı sülh və sabitliyin bərqərar olmasını istəyirik”. 

Deputat Azər Badamovun sözlərinə görə, indiyə qədər İranla İsrail bir-birini əzələ nümayiş etdirməklə hədələyirdilərsə və ya dolayısı ilə müharibə aparırdılarsa, Tehranda HƏMAS lideri İsmayıl Haniyənin qətlindən sonra birbaşa toqquşma ehtimalı daha da böyüyüb: “Hətta İranın ali dini lideri İsrailə cavabının çox ağır olacağını və bütün dünyanın yeni bir xəbərlə qarşılaşacağını bildirib. İranda silahlı qüvvələrin yerdəyişmə etdiyi, İsraildə isə potensial hücum təhlükəsi müşahidə edəcəyi təqdirdə İranı qabaqlayacağı və ABŞ hərbi gəmilərinin Fars körfəzinə gələrək növbə çəkdiyi bildirilir. Hətta müharibənin başlayacağı təqdirdə birləşmiş Qərbin İsrailə dəstək verəcəyi açıq-aydın şəkildə ifadə olunur. 

Bütün bu baş verən proseslər onu deməyə imkan verir ki, İran-İsrail arasında böyük müharibə gözlənilir. Əgər müharibə baş verərsə, müharibənin əhatə dairəsi çox genişlənəcək. Yəni bu, ancaq İran və İsrail arasında müharibə ilə kifayətlənməyəcək. Nəticədə bu, nüvə müharibəsinə qədər uzana bilər. Ona görə də böyük güclər müharibənin qarşısının alınması üçün tədbirlər görməyə tələsməlidir. Çünki İran-İsrail müharibəsi Ukrayna-Rusiya müharibəsindən daha böyük masştabı əhatə edə bilər. Bu da, ümumiyyətlə, bəşəriyyət üçün böyük təhlükə deməkdir. Azərbaycan İsraillə dostdur və İranla da yaxın qonşudur. Həm də ölkəmiz müharibələri heç vaxt dəstəkləmir. Biz bütün münaqişələrin danışıqlar yolu ilə ədalətli şəkildə həll olunmasını dəstəkləyirik. Azərbaycan beynəlxalq hüququ dətəkləyir və İsrail-İran müharibəsinin baş verməsini arzulamır. Amma bu müharibə baş verərsə, bunun nəinki Azərbaycana, hətta bütün dünya iqtisadiyyatına və iqlimə böyük təsiri olacaq. Ona görə də dünya birliyi İsraillə İran arasında gərginliyin azalmasına və ümumilikdə Yaxın Şərqdə müharibənin dayanmasına xidmət edən addımların atılmasına tələsməlidir”. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir