KİV: ABŞ YPG-ni dəstəkləmək üçün Suriyanın şimalında hərbi baza tikir
ABŞ PKK terror təşkilatının Suriya qolu olan YPG-yə dəstək çərçivəsində bu ölkənin şimalındakı Kobani şəhəri yaxınlığında hərbi baza tikir.
“turaninsesi.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“Yerli mənbələr ABŞ-nin qonşu İraqdakı bazanı tərk etdiyini, beton bloklar və digər materialları isə Kobani kimi də tanınan Əyn əl-Ərəbə göndərdiyini bildiriblər”, – qəzet yazıb.
Həmçinin bu ərazidə işləyən jurnalistlər bildiriblər ki, beton konstruksiyaların tikintisi üçün lazım olan bloklar üzərində ABŞ bayraqları olan 13 yük maşını ilə Kobaniyə gətirilib.
“Sabah” xatırladıb ki, ABŞ daha əvvəl bu həftənin əvvəlində onlarla “Bradley” tipli piyadaların döyüş maşınını, hava hücumundan müdafiə sistemlərini və zirehli texnikanı əraziyə yerləşdirib.
Qəzet onu da yazıb ki, Türkiyə hökuməti Ankaranın PKK və YPG ilə bağlı addımlarında Suriyanın yeni administrasiyasına güvənir. Eyni zamanda, Türkiyə bölgədəki kürd qruplaşmalarının silahı yerə qoymayacağı təqdirdə, hərbi əməliyyatlara başlayacağını bəyan edib.