Fransa Ermənistana qoşun göndərir? – Səfir həddini aşdı
Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığa başlayıb, bu münasibətlərimizdə yeni bir mərhələdir və çox geniş vüsət alır.
“Turanın səsi ” xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottiqnies “Azadlıq radiosu”nun Ermənistan bürosuna müsahibəsində deyib.
O bildirib ki, son bir neçə ay ərzində iki ölkə arasında üç istiqamətdə sazişlər imzalanıb. Bu istiqamətlər Ermənistanı müdafiə silahları ilə təmin etmək, Ermənistan silahlı qüvvələrinin Ermənistanda və ya Fransada təlim keçməsini təmin etmək və həmçinin Ermənistan Müdafiə Nazirliyinə məsləhətlər verməkdir.
Səfir “Paris, məsələn, on il əvvəl silahlı qruplaşmaları zərərsizləşdirmək üçün Mali və ya Liviyaya qoşun yeritdiyi kimi Ermənistana öz qoşunlarını göndərməyi düşünə bilərmi?” sualına isə belə cavab verib:
“Çox fərqli bir vəziyyətdən danışırıq. Afrikanın Sahel bölgəsində keçirilən əməliyyatlar antiterror əməliyyatları olub. Burada bizim dövlət-dövlət əməkdaşlığımız var və biz Ermənistan silahlı qüvvələrinin güclənməsinə töhfə verməyə çalışırıq. Bir daha deyirəm, nəyinsə baş verməsini gözləmirik. Nəyinsə baş verməməsi üçün lazım olanı etməyə çalışırıq”.