Ərdoğan Makronla danışdı – Nəyi müzakirə ediblər?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
E.Makronun təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Türkiyə-Fransa ikitərəfli münasibətləri, Rusiya-Ukrayna müharibəsi, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
R.T.Ərdoğan görüşdə Türkiyə ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə addımların bundan sonra da davam etdiriləcəyini bildirib.
Türkiyə lideri ölkəsinin Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülhlə başa çatdırılması üçün maksimum səylə çalışdığını qeyd edib. O, İstanbul prosesinin yenidən canlandırılması üçün tərəflərlə təmasların davam etdiyini və Türkiyənin sülhə gedən yolun açılması üçün üzərinə düşəni etməyə hazır olduğunu vurğulayıb.
Ərdoğan həmçinin daimi sülhə nail olmaq üçün diplomatik vasitələrin ən effektiv şəkildə istifadə edilməsinin vacibliyini, Türkiyənin isə atəşkəsin təmin olunması mərhələsində və sonrakı prosesdə dəstəyini artıraraq davam etdirəcəyini bildirib. O, qlobal sülhü təhlükə altına atan addımlardan uzaq durulmasının sülh səylərinə töhfə verəcəyini də qeyd edib.
Danışıq zamanı Qafqaz, Qəzza və Suriyadakı son vəziyyət də müzakirə olunub.
Arzu Paşaqızı