Cənubi Koreyada qəza: Ölənlərin sayı 124-ə çatdı
Muan şəhərində eniş zamanı qəzaya uğrayan Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 124 nəfərə çatıb.
“turaninsesi.az” xəbər verir ki, daha əvvəl 94 nəfərin öldüyü bildirilirdi. 2 nəfər – sərnişin və ekipaj üzvü sağ qalıb.
175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə Banqkokdan (Tayland) qayıdırdı.
Yerli telekanalların nümayiş etdirdiyi videogörüntülərdə təyyarənin şassisi endirmədən eniş etməyə çalışdığı əks olunub. Təyyarə yerdə sürüşərək beton divara çırpılıb, daha sonra partlayıb və alovlanıb.
Ehtimal olunur ki, quş zərbəsi səbəbindən eniş qurğusunu işə salmaq mümkün olmayıb.
Qəza zamanı hava limanının yaxınlığında olan hadisə şahidləri bildiriblər ki, təyyarə havada olarkən bir və ya bir neçə partlayış səsi eşidiblər və təyyarənin gövdəsində yanğın müşahidə olunub. Başqa bir şəxs isə quş qatarının təyyarə ilə necə toqquşduğunu görə bildiyini, bundan sonra onun sağ mühərrikinin alov aldığını bildirib.
Polis və yanğınsöndürənlər qəzanın səbəblərini araşdırmağa davam edir.