Belqorodda vəziyyət ağırdır: Ruslar 3 kəndi boşaldır
Çətin əməliyyat şəraitinə görə Rusiyanın Belqorod vilayətində daha üç yaşayış məntəqəsinə giriş bağlanacaq.
“turaninsesi.az” xəbər verir ki, bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.
“Əməliyyat qərargahının növbəti iclasında Qrayvoronski dairəsinin Dronovka və Poroz, Valuyski şəhər dairəsinin Starıy Xutor qəsəbələrinin tamamilə bağlanması barədə qərar qəbul edilib”, – Qladkov regional hökümətin operativ iclasında deyib.
O, həmçinin, imkan daxilində bu kəndlərin sakinlərinə əmlakın çıxarılmasında köməklik göstərilməsini və onların federal mənzil yardımı reyestrinə daxil edilməsini tapşırıb.
İyulun 23-dən etibarən Belqorod hakimiyyəti atılan raketlərə görə 14 yaşayış məntəqəsinə girişi məhdudlaşdırıb. Daha sonra, avqustun 19-da siyahıya daha beş yaşayış məntəqəsi daxil edilib.