Baş nazir regional sülh konfransı keçirməyə çağırdı
İraqın baş naziri Məhəmməd əs-Sudani Bağdadda Yaxın Şərqin bütün ölkələrinin nümayəndələrinin iştirakı ilə dialoq formatında konfrans keçirməyi təklif edib.
“turaninsesi.az” INA-ya istinadən xəbər verir ki, bu barədə İraqın INA agentliyi məlumat yayıb.
Baş nazir müvafiq bəyanatı İrana səfəri zamanı verib:
“Biz Bağdadda hərtərəfli dialoq formatında regional konfrans keçirməyə çağırırıq. Bu konfrans Yaxın Şərqdə sülh və təhlükəsizliyi təmin edə, həmçinin regionumuz ölkələri arasında etimada əsaslanan münasibətlərin möhkəmlənməsinə töhfə verə bilər”.
Əs-Sudani vurğulayıb ki, onun fikrincə, Yaxın Şərq dövlətləri aralarındakı fikir ayrılıqlarını həll etmək üçün qarşılıqlı təhdidlərdən cari problemlərin müzakirəsinə keçməlidir.
İraqın Baş naziri konfransın ehtimal olunan tarixi və iştirakçıların tərkibi barədə məlumat verməyib.