ABŞ-da su böhranı: “Duş qəbul edərkən ağzınızı bağlayın”

0

ABŞ-ın Missisipi ştatında su böhranı davam edərkən səlahiyyətlilərin əhaliyə “heç bir mikrob düşməməsi üçün duş qəbul edərkən ağızlarını bağlamaq” barədə xəbərdarlıq etdiyi bildirilir.

Amerikanın CNN kanalının bölgədən topladığı məlumata görə, Missisipinin paytaxtı Ceksonda su təmizləyici qurğulardakı nasazlıq nəticəsində bir çox bölgələrə suyun verilməsi dayandırılıb.

Yerli sakinlərin sözlərinə görə, bir çox ərazilərdə isə kranlardan axan su qəhvəyi rəngə çevrilib və camaat suyu qaynadaraq istifadə etmək məcburiyyətində qalır.

Missisipi Səhiyyə İdarəsinin direktoru Cim Kreyq isə məsələ ilə bağlı açıqlama veərək sakinləri məlumatlandırıb. O, bildirib ki, axar suda çimmək hələ də təhlükəsizdir. Ancaq duş qəbul edən zaman insanlar ağızlarının açıq olmamasına diqqət yetirməlidirlər. Bundan əlavə o, bildirib ki, ev heyvanlarının birbaşa krandan su içməməsinə də diqqət etmək lazımdır.

Missisipi qubernatoru Tate Reeves Ceksondakı su obyektlərində suyun “pH” dəyərini ölçən mexanizmdəki nasazlığı aradan qaldırmağa çalışdığını və bunun hansı nəticə verəcəyinə 100 faiz əmin olmadığını söyləyib.

“Gələcəkdə fasilələr olacaq. İndiki məqamda problemin qarşısını almaq mümkün deyil”,- deyə bildirib və o, rayon sakinlərindən suyu qaynatmadan içməməyi xahiş edib.

Yerli sakinlər isə bir aydan artıqdır ki, təmiz su xidməti ala bilmədiklərindən və şüşələrdə su almağa maddi imkanları olmadığından, bəzi məntəqələrdə pulsuz paylanan su üçün uzun növbələrdə gözləmək məcburiyyətində qaldıqlarından şikayətlənirlər.

Məlumat üçün bildirək ki, Ceksondakı dövlət məktəbləri su böhranı səbəbindən çərşənbə axşamından etibarən virtual təhsilə keçib və Cekson Dövlət Universitetində bütün kampusda portativ duşlar və tualetlər quraşdırılıb.

ABŞ yazıçısı Keyt Boykin “Tvitter” hesabında bildirib ki, ABŞ-da əhalisinin əksəriyyəti qaradərili olan şəhərlərində infrastruktur problemi “təsadüfi deyil”: “Daha bir “qara şəhər” su böhranı ilə üz-üzədir”.

O, Jackson-Mississippinin 83 faizinin, Flint-Michigan əyalətinin isə 54 faizinin qaradərili olduğunu qeyd edərək hər iki şəhərdəki su böhranına diqqət çəkib.

Qaradərili yazıçı “Bu böhranlar təsadüfi deyil. Bunlar qara və digər ağ olmayan icmalara bilərəkdən etinasızlıqdan irəli gəlir”,- deyə bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Ceksonda su böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) Administratoru Deanne Criswellin cümə günü Ceksonda olduğu bildirilib.

Qeyd edək ki, 2021-ci ilin fevralında şiddətli qış fırtınasından sonra Ceksonda su təchizatı boruları donaraq partlamış və bəzi sakinlər bir ay susuz qalmışdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir