Ərdoğanla Putin Ukraynanı müzakirə edib – YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib. Məlumata görə, söhbət zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr dəyərləndirilib.
Prezident Ərdoğan uzun müddətdir üzərində çalışdıqları Rusiya-Ukrayna əsir mübadiləsinin uğurla başa çatmasından və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə hazırladıqları İstanbul sazişinin fəaliyyətindən məmnunluğunu ifadə edib.
Noyabrda başa çatacaq mexanizmin uzadılmasının ortaq maraqlara xidmət etdiyini bildirən Prezident Ərdoğan, Rusiya gübrələrinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işləri davam etdirdiklərini deyib.
Dövlət başçısı daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu və Rusiyadan məhz belə addımların gözlənildiyini vurğulayıb. Rusiya prezidentinə Ukrayna ilə danışıqlara başlamağa çağırış edən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.
Mənbə: TRT
16:34
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacaq.
Bu barədə Türkiyə lideri “Grand Ankara Hotel”də çıxışı zamanı bildirib:
“Ümid edirəm ki, bu axşam cənab Putinlə danışığımız baş tutacaq. Onunla Rusiya ilə Ukrayna arasında olan problemləri qiymətləndirmək imkanımız olacaq”.
Mənbə: TRT Haber