Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş tədbirlər keçirilib
İki il əvvəl Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Silahlı Qüvvələrin qəhrəmanlığı sayəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələri yazıldı. Qazanılan tarixi Zəfərin ikinci ildönümü münasibətilə noyabrın 4-də Daxili İşlər Nazirliyinin Quba, Lənkəran və Zaqatala rayonlarında yerləşən hərbi hissələrində Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailə üzvlərinin, qazilərin, hərbi qulluqçuların və polis əməkdaşlarının iştirakı ilə tədbirlər keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Vətən müharibəsində qələbə uğrunda döyüşən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının göstərdiyi qəhrəmanlıqlardan fəxrlə danışıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi nəticəsində 30 ilə yaxın vaxtda işğal altında olan torpaqlarımız cəmi 44 gün davam edən “Dəmir yumruq” əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub. Bu müqəddəs amal uğrunda aparılan müharibədə döyüş tapşırıqlarını icra edərkən DİN-in 66 əməkdaşı şəhid olub, 346 nəfər isə yaralanıb.
Tədbirlər şəxsi heyətin tribuna önündən təntənəli keçidləri ilə başa çatıb.