DYP sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı tətilindən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən “turanın səsi ” nə bildirilib ki, Novruz bayramı ilə əlaqədar müəyyən edilən qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər edən əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olub.
Tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun və yuxusuz vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.
“Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq”, – qurumdan bildirilib.
Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI