DİN-in mətbuat xidmətindən verilən məlumatlar (20.11.2023)

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, rayonunun Nəvahı qəsəbə sakini, əvvəllər müxtəlif cinayət əməllərinə görə yeddi dəfə məhkum olunmuş Vüqar Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun üzərində şəxsi axtarış keçirilən zamanı 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 12 ədəd patron aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini, əvvəllər oğurluq və narkotiklərə görə məhkum olunmuş Niyaməddin Həsənov saxlanılıb. Ondan isə 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkarlanaraq götürülüb.
Həmçinin, şöbə əməkdaşlarının müvafiq sənədləri olmayan ov silahlarının aşkarlanması, eləcə də könüllü olaraq təhvil verilməsi ilə istiqamətində apardıqları nəzarət-profilaktiki tədbirlər zamanı ötən həftə ərzində 5 sakindən müvafiq sənədləri olmayan ov silahı aşkarlanıb. 6 sakin isə 1 ədəd qələm silahını və 5 ədəd sənədsiz ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bundan əlavə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çarı ilin yanvar ayında rayon sakini olan bir nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Səxavət Səmədov da saxlanılıb.
Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, S.Səmədov vətəndaşın etibarından istifadə edərək, onu dövlət qurumlarının birində işlə təmin edəcəyi barədə vədlər verərək zərərçəkənin 9000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Qeyd edilən bütün faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

* * *


DİN-in mətbuat xidmətindən verilən məlumata görə,

18-19 noyabr tarixlərində ölkə ərazisində qeydə alınan 113, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 62 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

* * *

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

Noyabrın 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 5 ədəd qumbara, 6 patron darağı, 530 ədəd müxtəlif çaplı patron və 45 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 23 ov tüfəngi aşkar edilərək götürülüb.

* * *


Soyğunçuluq

NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 18-də metronun “28 May” stansiyasının qarşısında yerləşən lotoreya satışı məntəqəsində piştaxtanın üzərindən 90 ədəd lotereya biletini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluqvə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

* * *

Oğurluq

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Sənan Qasımov saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun qəsəbə ərazisində digər bir evdən pul oğurlaması da müəyyən olunub.

* * *


Oğurluq

Qaradağ rayonunun Lökbatan qəsəbəsində evlərin birindən 7900 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *

Oğurluq

Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2920 manat pulunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Elvin Musayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlərlə qanunsuz saxlanılan silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd edilən tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 müxtəlif kalibrli ov silahı təhvil götürülüb.

Bundan başqa keçirilən digər bir tədbirlə sanitariya ve gigiyena qaydasının pozulması, tullantıların urnalardan kənara atılması halı da aşkarlanıb. Ərazinin zibillənməsi halı ilə bağlı cavabdeh şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, noyabrın 19-u saat 00:10 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi “KİA” markalı avtomobil ilə eyni istiqamətdə sağdan sola yolu keçən piyada 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra isə özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

* * *

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, həmin şəxsdən qanunsuz olaraq ovladığı ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində 4 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanıb.
Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

* * *


Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Noyabrın 17-də paytaxt ərazisində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində Suraxanı rayonunun Yeni Günəşli və Qaradağ rayonunun Lökbatan qəsəbələri ərazilərində ağac və kolların zədələnməsi faktları aşkar olunub.
Ağac və kolları zədələdiklərinə görə Suraxanı rayonunda bir fiziki, Qaradağ rayonunda isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

* * *

Bir neçə rayonda vətəndaşlardan odlu silahlar götürülüb

Polis əməkdaşları tərəfindən İsmayıllı, Mingəçevir və Ağdaşda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllü təhvil verilməsi, eləcə də saxlanılması qaydalarının pozulmasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakini müvafiq sənədləri olmadan saxladığı 2 ov tüfəngini könüllü olaraq polisə təhvil verib. Həmçinin, keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz ov edən şəxs müəyyən edilib. Ondan da ov zamanı istifadə etdiyi tüfəng götürülüb.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülərək aidiyyəti üzrə təhvil verilib.
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan rayon sakini müəyyən edilib. Həmin şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.

* * *

* * *

Xəzər dənizində naməlum kişi meyiti tapılıb

Bakı şəhəri Suraxanı rayonu Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti tapılıb. Meyitin əlamətləri: boyu 160-165 santimetr, orta bədən quruluşlu, qara saçlıdır (başının ortasinda saçı tökülüb). Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi aşkar olunmayıb. Bu şəxsi tanıyanlardan DİN-in “102” Xidmətinə və ya Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

* * *

Xaçmaz polisinə bugün 3 ədəd sənədsiz silah təhvil verilib

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir