DİN-in Mətbuat xidmətindən verilən məlumatlar (15.12.2023)
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə ⤵️
Dekabrın 14-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
* * *
Axtarışda olduğuna görə ümumilikdə 166, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
* * *
Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
* * *
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
* * *
Beyləqan rayonunda daha 3 ədəd odlu silah polisə təhvil verilib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi “ nə bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbir zamanı rayon sakinlərindən mərhum ailə üzvlərinə aid olmuş 3 odlu silah polis əməkdaşları tərəfindən təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
* * *
❗️ Qubada azyaşlılara siqaret satan şəxslərin barələrində tədbir görülüb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir neçə mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
* * *
❗Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Dekabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd qumbara, 24 ədəd müxtəlif markalı tüfəng və 98 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
* * *
❗Quldurluq
Nizami RPİ-nin 23-cü Polis Bölməsinə rayon ərazisində bir nəfərin mobil telefonunun quldurluq yolu ilə talanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü T.Mürsəlov və Biləsuvar rayon sakini 1999-cu il təvəllüdlü A.Abdalov müəyyən olunaraq saxlanılıblar.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
* * *
❗Oğurluq
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 13-nə keçən gecə rayon ərazisində yerləşən ofislərin birindən 3 ədəd notbuk və 2 mobil telefon oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini R.İmanov saxlanılıb. Araşdırma aparılır.
* * *
❗Oğurluq
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 500 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Rzazadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Atyalı qəsəbəsində evlərin birindən pul, 2000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Orucəliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
* * *
❗Abşeron Rayon Polis İdarəsinə Mehdiabad qəsəbəsi ərazisində marşrut avtobusunda bir nəfərin içərisində bank kartı və sənədi olan pulqabısının, həmin bank kartından isə hesabındakı 310 manatının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
** ,* ,*
❗Ağsuda şirkətdən oğurluq edən qohumlar saxlanılıb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, noyabr ayında rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birindən kondisionerlərin oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini şübhəli bilinən şəxslər, həmin şirkətdə çalışan Fərid Mütəllimzadə və onun qohumu Hüseyn Mirzəyev saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Fərid Mütəllimzadə işlədiyi yerdən oğurluq etməyi əvvəlcədən planlaşdırıb və kondisionerləri daşımağa ona köməklik etməsi üçün H.Mirzəyevi də cinayətə ortaq edib. Oğurladıqları kondisionerlərdən ikisi F.Mütəllimzadənin yaşadığı evdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb, birini isə Şamaxı rayonuna apararaq orada satdıqları müəyyən edilib.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
* * *
❗Sosial şəbəkələrdə pirotexniki vasitələr satan iki nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbirlərlə sosial şəbəkələr vasitəsi ilə paytaxt ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən daha 2 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan ümumilikdə 1246 ədəd yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, tezalışan maddələr və pirotexniki vasitələr insanların sağlamlığı ilə yanaşı ətraf mühitə qarşı da ciddi təhlükədir. Bu vasitələr insanda ağır göz yaralanmalarına, qalıcı eşitmə qüsurlarına və müxtəlif dərəcəli yanıqlara yol aça bilər.
* * *
❗Cəlilabad sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 5 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
* * *
❗Oğuz rayon sakinləri qanunsuz saxladıqları silahları polisə könüllü təhvil veriblər
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI