DİN-in baş idarəsinin təşəbbüsü ilə regional konfrans keçirilib
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda növbəti regional konfrans keçirilib.
Bu barədə “turanın səsi ” nə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında keçirilən konfransda polis əməkdaşları ilə yanaşı Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli icra hakimiyyətləri orqanlarının nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev azyaşlıların sağlam mühitdə tərbiyə olunmasının, gələcəyin peşəkar kadrları və cəmiyyətimizə layiqli vətəndaş kimi yetişmələrinin vacibliyindən danışıb: “Bəzi bölgələrdə yeniyetmələrin təhsildən yayındırılma, erkən nikaha daxil olmaları, eləcə də azyaşlıların zərərli vərdişlərə meylilik kimi neqativ hallarla qarşılaşırıq. Bu kimi halların qarşısının alınması istiqamətində mübarizəni daha səmərəli təşkil etmək üçün təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir üzvü fəal iştirak etməli, öz barışmaz mövqeyini nümayiş etdirməlidir”.
Daha sonra çıxış edən digər qurumların nümayəndələri, bu gün DİN digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik və beynəlxalq normativ hüquqi aktlar əsasında həyata keçirdiyini, təşkil olunan tədbirin vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, həmçinin yetkinlik yaşına çatmayanlarla işin səmərəliliyinin artırılması istiqamətində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təkliflər ətrafında da müzakirələr aparılıb.