Yeni il arzuları – Gülər Mübariz yazır

0

Ömür səhifəsindən bir vərəq, həyat ağacından bir yarpaq da düşəcək; yeni ilə qədəm basacağıq günlər sonra. Əjdaha ilinə keçirik xeyirlisi ilə. Yeni ümidlər, yeni xəyallar, arzular işığında sonsuz istəklər, diləklər diləyəcəyik, əlimiz göydə, gözümüz yolda, qulağımız səsdə. Tək pənahımız Allaha, sonsuz güvənimiz yaradana yeni addım atacağıq bir ildən digərinə.

Nə dəyişdi bu illər ərzində köhnə yeni il arzularımızdan? Gəlin, xatırlayaq…
“Gələn il bu vaxtı Şuşada qeyd edək yeni ili.
Gələn il bu vaxtı Laçında qarşılayaq.

Gələn il bu vaxtı… Ağdam, Kəlbəcər, Xankəndi, Ağdərə, Xocavənd, Zəngilan, Qubadlı…

Gələn il bu vaxtı Qarabağımız azad olsun, işğal altında olan bütün torpaqlarımız geri qaytarılsın, qaçqınlarımız yurd-yuvalarına dönsünlər.”
Hər bir azərbaycanlının dilinin əzbəri olan 30 illik yeni il arzularımız çiçək açdı, diləyimiz hasil oldu. Daha qaçqınımız qalmadı , göz yaşı içində “taa mən qaçqın deyiləm” dedilər.

Adımız “qara siyahı”dan çıxdı, türk oğlu türkün məğrur duruşu özünə döndü, Xan kəndinə qayıtdı… Şükür bu günə. Şükür Allaha. Hasil olan diləyimizdə əməyi olan cümlə camaatımıza şükür.
Bitdimi arzularımız? Yeni il gəlir, arzu,dilək siyahımıza nələri yazmışıq? Nələri əlavə etmişik, hasil olanlara şükür edib, olmayanları qələmə almışıqmı?

İnsan övladının xəyalları ucsuz-bucaqsız, arzuları sonsuzdur, bitərmi heç? Bitməsin də, ümidimiz çiçək açsın qoy, yaşayaq, hər günə yeni arzuyla göz açaq.

Məsələn , arzulayaq ki, daha analarımız gözüyaşlı qalmasın, bir daha şəhid xəbəri almayaq, sülh həmişə bərqərar olsun vətənimizdə.
Dövlətimiz hər daim öndə olsun, bayrağımız həmişə zirvədə dalğalansın, əsgərimiz yalnız təlim üçün silaha sarılsın.

Körpələrimiz kimsəsiz qalmasın, sahibsiz olmasın, layiqli ata-analara sahib olsunlar, parlaq gələcək naminə. Gözləri qapıda qalan uşaq qalmasın, hamısı isti yuvalı, güvənli əllərdə olsunlar.
Kişilər bir daha müharibə görməsin, çəkdikləri acı xatirə tək unudulsun. Tək amalları Azərbaycan üçün , xalqı üçün, ailəsi üçün örnək türk oğlu qalmaq olsun. Mərdlik simvolunu daşıdıqlarını unutmasınlar, həmişə dayaq olsunlar onlara güvənənlərə. İtirməsinlər qazandıqları sevgini, sayğını…

Qadınlarımız ancaq sevincdən ağlasınlar, sevgi ilə yaşasınlar, bir daha şiddətə məruz qalmasınlar, ər çörəyini şad-xürrəm yesinlər. Güclərini həyatın, talelərinin vurduğu zərbələrdən yox, arxalarında duran ata, qardaş, həyat yoldaşlarından alsınlar. Xeyirli övlad yetişdirsinlər cəmiyyətə.

Gənclərimiz cahilliyə yox, maariflənməyə meyilli olsunlar; oxumağı “qonşudan geri qalma” prinsipi ilə deyil, sevdikləri üçün qarşılarına məqsəd qoysunlar. Ziyalı olsunlar, dünyagörüşü ilə, savadları ilə daim səsləri ən ucalardan gəlsin. Vətənə, millətə xeyirli övlad olsunlar.
Dar günə, çıxılmaz vəziyyətə, amansız xəstəliyə düçar olmayaq, Allah bir də “neyləyim, necə edim” sualları ilə çarpışmağı bizə nəsib etməsin.

Zindanlara düşən ancaq düşmən olsun, Allah islah etsin bütün günahkar bəndələri.

Xəstəxanada olanlara şəfa gətirsin bu yeni il, sağlam ömür qismətimiz olsun.

Evlərdən gülüş, toy-bayram sədası əskik olmasın, körpə qığıltısına həsrət bütün ailələr sevinsin, bütün sınaqlardan üzüağ çıxsın millətim.
Pis günlərimiz keçmişdə qalsın, izi də qalmasın yaddaşımızda, nifaq gətirən bütün hadisələr bizdən uzaq olsun daha.

Düşünülmədən atılan addımlardan, geri dönülməz xətalardan qorusun Allah bizi, ağlımızdan muğayat olaq.
Bir sözlə , ən xoş diləklər mənim millətimin, mənim dövlətimin, mənim Azərbaycanımın olsun.

Çox şey istəmədim əslində, bütün bu arzularımın yekun nəticəsi olan ən gözəl nemət-xoşbəxtlik qismətimiz olsun. Cümlətən Amin.

Gülər Mübariz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir