Veteran pulu artırılacaq? “Bu, daha çox təşəkkür xarakterli ödənişdir”-DEPUTAT

2025-ci il iyulun 1-dən Azərbaycanda sosial müavinətlər və müxtəlif təqaüd növlərinin məbləğləri artırılıb. Eyni zamanda, 2025-ci il sentyabrın 1-dən doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin aldıqları təqaüdlərin məbləğləri də artırılması nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüdün (90 manat) də artırılması ilə bağlı müəyyən gözləntilər formalaşıb.

turaninsesi.az” xəbər verir ki, deputat Aydın Hüseynov növbəti mərhələlərdə sosial sahədə yeni təşəbbüslərin olacağını bildirib.

“Bu tədbirlər sırasında müxtəlif kateqoriyadan olan vətəndaşların, o cümlədən müharibə veteranlarının sosial rifahının yaxşılaşdırılması xüsusi yer tutur”.

İqtisadçı Xalid Kərimli vurğulayıb ki, müharibə veteranlarının təqaüdlərinin artırılması gözlənilmir:

“Yenidən artırılma nəzərdə tutulsaydı, indiyədək həyata keçirilərdi. Bir neçə ay əvvəl nazir müavini də bu məsələ ilə bağlı hökumətin mövqeyini izah edib”.

Xş Kərimli əlavə edib ki, müharibə iştirakçılarına verilən vəsait daha çox təşəkkür xarakterli ödənişdir.

“Müharibə veteranlarına verilən vəsait əsasən onların kommunal və nəqliyyat xərclərinin ödənilməsinə yardım məqsədi daşıyır. Hesablamalara görə, nəzərdə tutulan məbləğ hələlik həmin kateqoriyaya aid şəxslərin əsas xərclərini qarşılamaq üçün kifayət edir. Buna görə də bu təqaüdlərin artırılması planlaşdırılmır”.

Ekspert diqqətə çatdırıb ki, hökumətin ümumi sosial siyasəti əsasən əmək qabiliyyətini itirmiş və ya sosial cəhətdən daha həssas təbəqələrə yönəlib.

“Yəni məqsəd sosial ehtiyacı olan şəxslərə, xüsusilə də əlilliyi və ya digər səbəblərlə əmək fəaliyyətindən kənarda qalanlara dəstəyi artırmaqdır. Təbii ki, müharibə veteranları arasında əlilliyi olan şəxslər də var və dövlət bu kateqoriyaya da xüsusi qayğı ilə yanaşır. Ancaq fikrimcə, yaxın vaxtlarda müharibə veteranlarına verilən təqaüd məbləğlərinin artırılması nəzərdə tutulmur”.

Xatırladaq ki, ötən ay sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müharibə veteranlarına verilən təqaüddən danışıb.

O bildirib ki, veteranlar əmək qabiliyyətli insanlardır. Nazirlik onların daha dayanıqlı təminatı üçün çalışır:

“Ölkəmizdə sosial ədalətin və həmrəyliyin təmin olunması prinsipi ilə dövlət siyasəti prioritet olaraq istiqamətləndirilir. Burada müharibə veteranlarına sosial dəstək tədbirləri mütləq əhatə olunur. Müharibə veteranlarına aylıq təqaüd verilir. Bu aylıq təqaüd kommunal, nəqliyyat və digər gündəlik xidmətlərə istinad olunub. Dövlət sosial təminat tədbirlərini əsasən əmək qabiliyyəti məhdud olan şəxslərə tətbiq edir. Bunlar əlilliyi olan şəxslər, pensiya yaşına çatmış şəxslər, aztəminatlı ailələr, çoxuşaqlı analar, hərbi qulluqçuların övladlarıdır. Yanaşma sosial ədalət prinsipinə əsaslanır.

Veteranlar əməkqabiliyyətli insanlardır. Biz veteranların rifahının uzunmüddətli dayanıqlı şəkildə dəstəklənməsini daha çox təşviq edirik. Onların məşğulluq imkanlarının yaradılması, kiçik biznesə çıxış imkanları yaradılır. Bunlarla bağlı da mühüm addımlar atılır. Təqaüd verilməsi ilə yanaşı, özünüməşğulluq proqramlarına növbədənkənar cəlb olunmasına ailə təsərrüfatlarının qurulması ilə daha çox veteranlarımıza dəstək olmağa çalışırıq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI