“SADHU” ilə yeni bir “sən” yarat
Bu gün dünyada “sadhu terapiyası” geniş yayılmış prosesdir. İnsanın daxilində zaman – zaman yığılıb qalan, onları narahat edən duyğular, hisslər sadhu və psixologiya elmi vasitəsilə ortaya çıxır.
Mövzu üzrə öz fikirlərini bölüşən müsahibimiz – psixoloq, yoqa üzrə instruktor Nərgis Əliyeva suallarımızı cavablandırıb.
Sadhu Terapiyasının mənşəyi hardan gəlir?
Əvvəlcə, onu deyim, bu sahə qədim dövrdə, Hindistanda yaranıb. “Sadhu” adlandırılan bir qrup insanlar sadhunu, bir növ, “askeza” kimi qəbul ediblər. İnsanlar “mənəvi yüksəliş üçün maddi dünyada nələrdən vaz keçə bilərik?” deyə düşünəndə, yoqa ilə yanaşı, “sadhu lövhəsi”ni icad ediblər. Onlar bu lövhənin üzərinə çıxaraq bədənlərində olan gərginlikləri boşaltmaq, düyünləri açmaq niyyətində olublar. Onu da qeyd edim ki, taxta lövhələr üzərində bərabər səviyyədə, xüsusi mismarlar bərkidilir. Mismarlar qətiyyən kəsici, deşici olmur, fiziki olaraq insana heç bir zərər vermir.
Sadhu ilə məşğul olmaq istəyən şəxslər hansı yollardan keçməlidir?
Yadıma gəlir, ilk dəfə sadhunu Azərbaycanda sınamışdım, müəllimim Hindistandan gətirmişdi. Daha sonra Hindistanda yoqa məktəbində dəfələrlə praktikadan keçirdikdən sonra ölkəmizdə də təbliğ etməyə istədim.
Təbii ki, bu sahənin müəyyən mərhələləri var: Dünyanın müxtəlif yerlərində individual müəllimlərdən və ya kurslardan istifadə edə bilərlər. Tövsiyə edirəm ki, alınırsa, Hindistana getsinlər. Bu da alınmazsa, Rusiyada peşəkar kurslar var. Lakin bundan əvvəl onlar müəyyən qədər təcrübə toplamalı, nəzəriyyə keçməlidir. Sadhu haqqında qısa bir məlumat əldə edib bunu insanlar üzərində tətbiq etmək absurddur.
Mənim həm psixologiya təhsilim, həm də kifayət qədər praktikam olduğu üçün lövhənin üzərinə çıxan hər kəsi psixoloji analiz edə bilirəm. Nəticədə, hər nə baş versə də, situasiyadan rahat çıxa bilirəm. Digər tərəfdən, insan psixologiyasını bilməyən, onun davranış biçimini analiz edə bilməyən biri üçün seans zamanı müəyyən çətinliklər yarana bilir.
Seanlar üçün ideal yaş kateqoriyası neçədir?
16 – 65 yaş kateqoriyasında olan insanlar üçün terapiyalar nəzərdə tutulub, ancaq daha çox 18 yaşdan yuxarı şəxslərə məqsədəuyğundur. Şəxsi təcrübələrimdə 60-65 yaş tələbələr də olub.
İnsan lövhənin üzərinə çıxarkən hər hansı bir məqsədə sahib olmalıdır. Nəticədə, həddi – büluğa çatmış, özünü dərk edən biri ilə işləmək daha rahatdır.
Bəzi insanlarda elə fikirlər var ki, seanslardan, psixoloq dəstəyindən istifadə yalnız əsəbi və ruhi xəstələr üçündür. Bu haqda nə düşünürsünüz?
Əlbəttə, psixoloji xəstəliklərdən əziyyət çəkən insanlara sadhu tətbiq etmək olmaz. Hamilə və aybaşı dönəmində olan xanımlar, qan xəstəlikləri, həmçinin epilepsiyası olan insanlar üçün terapiya mənfi nəticələrə gətirib çıxara bilər. Əlavə olaraq, əlləri və ayaqlarının alında yara olanlar üçün də məsləhət deyil. Terapiyada ən əsas məqam məqsəddir. Əgər sadəcə sınamaq üçün seansa yazılırsa, heç bir nəticə verməyəcək.
Əlavə olaraq, mənim tətbiq etdiyim sadhu klassik deyil, çünki klassik versiyada sadəcə bir duyğunun üzərinə çıxmaq mümkündür. Fəqət “Geştalt terapiya” və ya ailə dizimi kimi psixoterapiya növlərinin elementlərindən istifadə edərək yüksək nəticələr ala bilirik.
Sadhunun hansı faydaları var?
Qan dövranını yaxşılaşdırır, metabolizmanı sürətləndirir. Sadhu lövhəsinin mismarları əl və ayaqlardakı sinirlərə toxunur. Anatomik olaraq da sübuta yetirilib ki, sinir hüceyrələri bədənin müxtəlif orqanları ilə əlaqəlidir. Buna görə də seanslar hər kəsdə fərqli nəticələr göstərir: Bəziləri ağlayır, bəziləri gülür, hətta elə insanlar var ki, heç bir duyğu göstərə bilmir. Duyğuların, hisslərin üzə çıxmağı insanın rahatlamasına, vücuddakı gərginliyin azalmasına səbəb olur.
Seansın ilk 3 dəqiqəsində şiddətli ağrı olur. Bu zamandan sonra beyin “endorfin” hormonu ifraz edərək bədəni yüngülləşdirir və sonrasında da hər hansı bir duyğuya çıxmaq, tələbənin iç dünyasını açmaq mümkün olur.
Xanımlar və bəylərlə terapiyalar zamanı hansı mövzular üzə çıxır. Onlar bir – birindən fərqlənirmi?
Ümumiyyətlə, xanım və bəy ayırımı etmədən deyə bilərəm ki, hər iki cinsdə mövzular eynidir və əksəriyyəti ailəyə gedib çıxır. Xüsusilə, ana və ata mövzuları daha çoxdur. İstənilən problemin kökündə onların doğulduğu ailə, aldıqları tərbiyə zamanı gördükləri ssenarilər – bunların hamısı seans zamanı üzə çıxır.
Bəzi kişilər var ki, xanımlardan daha sürətli yol qət edirlər, bu da özinkişafla əlaqədardır. Çünki bəylərin əksəriyyəti duyğularını basdırır, onları boğurlar. Ona görə də deyirik ki, insan psixologiyasını bilmək, bu sahədə təhsilli olmaq çox vacibdir.
Vurğulamaq istərdim ki, sadhu “ağrıya dözmək” mənasına gəlmir, əksinə, burada insan ağrını buraxmalıdır. Bu yeni bir “sən” yaratmaq kimidir.
Nərgis xanım sonda qeyd edir ki, terapiyalara gələn insanlar zərərli vərdişlərdən – spirtli içkilərdən, narkotik vasitələrdən uzaq durmalıdır. Çünki seanslar 3 gündən 1-2 aya qədər davam edə bilir. Nəticədə, bədən fiziki cəhətdən təmiz olmalıdır.
“Turanın səsi” __ Fərahim Rza