“Qandonduran cinayətlər olanda heç bir mərhəmət hissi qalmır” – Əfv Komissiyasının üzvü
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-4-138.jpeg)
“Ömürlük məhbuslarla bağlı demək olar ki, hər dəfə müraciətlər olur və müzakirələr gedir”.
“turaninsesi.az” xəbər verir ki, bunu Əfv Məsələləri üzrə Komissiyanın üzvü, Mətbuat Şurasının rəhbəri Rəşad Məcid deyib.
O, fevralın 12-də Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclasında 100-dən artıq müraciətə baxıldığını xatırladıb:
“Ümumiyyətlə, Əfv Komissiyasına müraciətlər fərdi şəkildə olur. Hər bir məhkum, yaxud məhkumun yaxınları, doğmaları müraciət göndərə bilər. Həmçinin, deputatların da, komissiya üzvlərinin də belə müraciətlər göndərmək imkanı var.
Müraciətlərin hamısı Prezidentinin yanında Əfv Məsələləri Komissiyasının Katibliyində, Prezident Adminstrasiyanın Əfv Məsələləri Sektorunda araşdırılır. Qanunvericiliyin tələblərinə uyğun gələn müraciətlər müxtəlif hüquq-mühafizə orqanları, Prezident Adminstrasiyasının rəyləri nəzərə alınmaqla komissiyanın iclasına çıxarılır və müzakirə olunur.
Bəzən lap gərgin və fikir müxtəlifliyi ilə müşahidə olunan müzakirələr gedir. Hər bir müraciətə səsvermə əsasında münasibət bildirilir. Sonda, komissiyanın iclası yekun iclasında sənədlər toplanıb Prezidentə təqdim olunur.
Əlbəttə, müxtəlif hüquq-müdafiə təşkilatları, hüquq müdafiəçiləri də müraciət edə bilərlər. Əfv üçün müraciət hər bir məhkumun hüququdur. Sadəcə qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciətlər araşdırılır və müzakirəyə çıxarılır”.
Rəşad Məcid əfv müraciətlərinin bəzi məqamlarına da aydınlıq gətirib:
“Bəzi maddələr üçün həbs müddətinin 1/3-i, bəziləri üçün isə 1/2-i keçməlidir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, komissiyanın baxması üçün hazırlansın”.
Komissiya üzvü qeyd edib ki, bu il komissiyaya 3 mindən çox müraciət daxil olub:
“Əfv Komissiyasının üzvü olduğum müddətdə bütün ən ağır maddələrlə bağlı müraciətlər olub. Ömürlük məhbuslarla bağlı demək olar ki, hər dəfə müraciətlər olur və müzakirələr gedir. Amma ömürlük məhbusların 20 ildən sonra məhkəməyə müraciət etmək hüququ var. Ali Məhkəmə onların işinə yenidən baxa bilər.
Bununla bağlı mən də bir neçə dəfə çıxış etmişəm. 20 ildən çox həbsdə olan ömürlük məhbuslar barədə məhkəmələrin keçirilməsinin tərəfdarıyam. Bəzən olub ki, ömürlük məhbus ya əfv olunub, ya da cəzası yüngülləşdirilib”.
Rəşad Məcid “ağır maddələr” üzrə mühakimə olunanların müraciətlərinə də toxunub:
“Amma bəzən müraciətin fabulasında qandonduran cinayətləri oxuyanda komissiya üzvlərinin heç bir mərhəmət hissi qalmır. Buna görə də ağır cinayətlərdə məhkum olunan şəxslərin cinayətlərinə baxarkən, bir az soyuqqanlı olmaq tələb olunur.
“OMON”-lar (keçmiş xüssusi təyinatlı polis dəstəsinin üzvləri – red.) barədə də müraciətlərə olur və fərdi halda onlara da baxılır.
Əfv Komissiyasının ilk iclasında bu il ölüm işində ittiham olunan məhkumların işlərinə baxdıq. Komissiya işini davam etdirəcək. Bu il komissiyaya 3 mindən çox müraciət olub, amma bu müraciətlər araşdırılaraq, təxminən 800-yə yaxın müraciətin müzakirəyə çıxarılması planlaşdırılır.
Komissiya lazımınca fəaliyyət göstərir və iclasları da mütəmadi davam edəcək. Fikrimcə, komissiyanın işindən asılı olaraq, Əfv sərəncamının imzalanması may ayınadək çəkər. Sənədlərin hazırlanması, komissiyada müzakirəsi və cənab Prezidentə təqdim olunması üçün hələ 2 ay müddət lazım olacaq”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI