Misir Mərdanov Söyüdlü kəndindən danışdı : “Siemens qardaşları, Almaniya ilə əlaqələr “

0

Gədəbəy rayonunun Söyüdlü kəndində qızıl emalı nəticəsində ətraf mühitin çirklənməsi ilə əlaqədar yerli sakinlərin keçirdiyi etiraz aksiyaları qısa vaxtda bu kəndin məşhurlaşmasına səbəb oldu. Bu aksiyalara qədər Azərbaycanda bəlkə də çoxları Gədəbəydə belə bir kəndin varlığından xəbərsiz idi. Amma buna baxmayaraq, Söyüdlü kəndi həm də ziyalıları, elm adamları ilə məşhurdur.

Bəs, Söyüdlüdən hansı məşhurlar alimlər çıxıb?

Turanın səsi ” xəbər verir ki , sabiq Təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında bildirib ki, Sovet dövrünün ən nüfuzlu qəzeti olan “Pravda”da vaxtilə Söyüdlü kəndindən olan ailə haqqında “Alimlər ailəsi” adlı böyük bir yazı dərc edib.

Onun sözlərinə görə, Söyüdlü kəndinin hələ Siemens qardaşlarının fəaliyyəti sayəsində o dövrdən Almaniya ilə əlaqələri başlamışdı:

“İlk dəfə Almaniyaya təhsil almaq üçün adamlar bu kənddən göndərilib. Onlardan biri Teymur Əhmədov olub. O, 50-ci illərdə Azərbaycanın ilk əməkdar müəllimlərındən biri idi. Onun atası da o dövrdə Söyüdlü kəndində ibtidai məktəb açmışdı. Onun 3 oğlu -Qoşqar Əhmədov, Şamil Əhmədov və Cəmil Əhmədov dövrün görkəmli ziyalıları olublar. Qoşqar Əhmədov riyaziyyat sahəsində dövrünün ən tanınmış alimlərindən biri idi. Həmçinin mənim də elmi rəhbərim olub. Onun haqqında “Müəllimim Qoşqar Əhmədov” adlı kitab yazmışam. Qoşqar Əhmədovun qardaşı Şamil Əhmədov da ömrünün sonuna qədər kimya fakültəsində kafedra müdiri olub. Cəmil Əhmədov isə fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi idi. Onların 4 bacısı da olub. Böyük bacısı kənddə yaşayıb. Lakin digər 3 bacıdan Hürü xanım Əhmədova elmlər namizədi idi. Azərbaycan Dövlət Pedaqoji Universitetində işləyirdi. İkinci bacı Gülnaz xanım fizika-riyaziyyat üzrə elmlər namizədi idi. Ömrünün sonuna qədər Tibb Universitetini fizika kafedrasında işləyib. Gülarə Əhmədova isə riyaziyyatçıdır. İqtisad Universitetinin ali riyaziyyat kafedrasının müəllimi olub”.

Misir Mərdanovun sözlərinə görə, ötən əsrin 50-60-cı illərində Azərbaycanda əhalisinə nisbətdə alimlərin sayına görə Gədəbəy rayonu birinci yerdə idi:

“Başqa bir ailəni – Köçərliləri nümunə gətirə bilərəm. Fridun Köçərli və Tofiq Köçərli qonşu kənddən olsalar da, məşhur tarixçi, akademiklərdir. Söyüdlü kəndi isə rayonun ən ziyalı və nüfuzlu kəndidir. O zamanlar digər alimlər yayda Qara dəniz sahillərinə, Soçiyə, mineral sular olan yerlərə istirahətə gedəndə Qoşqar Əhmədov öz kəndlərinə gedirdi. Danışırdı ki, bu yay beli aldım əlimə, kəndimizin su problemini həll etdim. O kənd bu cür alimlər və zəhmətkeş insanlar yetişdirib. Amma indi nə baş verir? Bu məsələlərlə dərindən tanış olmadığımdan obyektiv qiymət verə bilmirəm. Hər halda Azərbaycanda bu gün belə hadisələr olmasa, yaxşıdır. Azərbaycanın istənilən kəndində bu cür hadisənin olmasını düzgün hesab etmirəm”.

2020-ci ildə103 saylı Gədəbəy Seçki Dairəsindən deputatlığa namizəd olmuş Elmar Musayev isə Bakupost.az -a açıqlamasında qeyd edib ki, son dövrlər ziyalılarımızın təbliğatı məsələsində axsamalar olduğu, daha çox şou əhli təbliğ olunduğu üçün Söyüdlü kəndi öz populyarlığını itirib:

“Sovet hakimiyyəti dövrü və müstəqilliyin ilk illərində bu kənd öz ziyalıları ilə tanınan məşhur bir kənd idi. O kəndə “Alimlər kəndi” deyilməsi təsadüfi deyil. Söyüdlü kəndi həmçinin, Gədəbəyin ən böyük və yaşayış məntəqəsi kimi ən qədim kəndidir. Kəndin ərazisində olan Qız qalası 7-8-ci əsrə aiddir. Sovet hakimiyyəti dövründə “Pravda” qəzeti yazırdı ki, Söyüdlü kəndindən bir ailədən 7 alim çıxıb. Həmin ailədən olan Şamil Əhmədli Qərbi Azərbaycanda olan kasıb ailələrin istedadlı uşaqlarını gətirib universitetlərə hazırlayırdı. Qoşqar Əhmədlinin dahiliyi onda idi ki, o beynəlmiləlçi alim idi. Hətta Mərkəzi Asya ölkələrindən, Vyetnamdan onun çoxlu yetirmələri olub. O, 1978-ci ildə vəfat edəndə dəfninə kütlələr yığışmışdı. O zaman bu, Səməd Vurğunun dəfnindən sonra Azərbaycanda ən böyük dəfn mərasimi olub. Qoşqar Əhmədli Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinin yaradıcısı olub. O vaxt Heydər Əliyevin qarşısında çıxış edib və bildirib ki, riyaziyyatın imkanları genişlənib, onun tətbiqi riyaziyyat formasında öyrədilməsi olduqca vacibdir. Ondan sonra Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat fakültəsi yaradılıb. Qoşqar Əhmədlinin atası o vaxt 19-cu əsrdə molla təxəllüsü almışdı. Molla təxəllüsünü o zamanlar ancaq savadlı insanlara verirdilər. Hətta öz evini xalqın maariflənməsi üçün məktəb kimi istifadəyə vermişdi”.

Elmar Musayevin sözlərinə görə, Söyüdlü kəndindən 80-a qədər məşhur alim yetişib, 300-dən artıq elm adamı və müxtəlif peşə sahibləri çıxıb:

“Söyüdlü kəndindən çıxan alimlərdən Telman Haqverdiyevin də adını çəkə bilərəm. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. O, 60-cı illərdən etibarən ömrünü Gədəbəy tarixi abidələrinin mühafizəsinə həsr edib. Çünki həmin illərdə ermənilər insanların düşüncəsinə belə bir fikir yeridirdi ki, guya tarixi abidələrimizin bünövrəsində qızıl gizlədiblər. Kütlə varlanma hərisliyindən o tarixi abidələri dağıdırdır. Onun qarşısının alınmasında Telman Haqverdiyevin çox böyük rolu olub. Gədəbəyin məşhur Qız qalasının qorunub saxlanması Telman Haqverdiyevin əməyinin nəticəsidir”.

Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli isə bildirib ki, statistikaya görə, son illərə qədər 100 min əhaliyə düşən alim sayına görə Gədəbəy nəinki Azərbaycanda, Türk dünyasında birinci yerdə idi:

“Söyüdlünün əsası 7-ci əsrdə qoyulub. 2009-2010-cu ildə Arıxdam kəndində qızıl mədəninin suyundan içənqoyunlarının zəhərlənməsi bağlı Söyüdlüyə də bir neçə dəfə səfər etmişəm. Böyük ziyalılar yetişdirən kəndin hazırda mədəniyyət evi, məktəbi normal vəziyyətdə deyil. Həmçinin, sosial-iqtisadi göstəriciləri zəifdir. Vaxtilə Söyüdlü kəndindən belə alimləri çıxmasına səbəb Simens qardaşlarının Gədəbəydə mis emalı zavodunun fəailiyyətə başlaması idi. O dövrdə Zaqafqaziyada ilk dəfə elektrik stansiyası Gədəbəydə qurulub. Qalakənddən mis zavoduna yük daşımaq üçün ilk dəmir yolu çəkildi. Azərbaycanda hələ Bakıda orta məktəblər müasir səviyyədə olamayan bir zamanda Gədəbəydə ilklər yaşanırdı. Siemens qardaşları hər il öz müəssisələrində çalışmaq üçün yerli adamlardan xaricə oxumaq üçün göndərirdilər. Çünki xaricdən gətirib işlətmək sərf etmirdi. Yerli mühəndis kadrlar yetişdirirdilər. Bu ənənələr ordan davam edir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir