Məcburi köçkün qəsəbələrində Beynəlxalq Qız Övladları Günü qeyd edilib
Oktyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) təşəbbüsü və təşkilatçılığı ilə Bərdə rayonunda və Mingəçevir şəhərində Beynəlxalq Qız Övladları Gününə həsr olunmuş “Bir qızın təhsildir zinəti” devizi altında tədbirlər keçirilib.
Dövlət Komitəsinin sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan vətəndaşların təhsil məsələlərinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlar dövlət vəsaiti hesabına ali təhsil ala bilirlər. Məcburi köçkünlər üçün salınmış hər bir qəsəbədə və yaşayış kompleksində müasir tələblərə cavab təhsil müəssisələri, məktəb və bağçalar tikilib istifadəyə verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərin təhsil, səhiyyə məsələlərinin və digər sosial problemlərinin həllinə xüsusi diqqət göstərir.
Tədbirlərdə erkən nigahlar, qızların təhsildən yayındırılması, gender bərabərliyi, icmaların inkişafında qadınların rolu və s. məsələlər barədə fikir mübadiləsi, müzakirələr aparılıb. Sonda iştirakçılara tədbirlərdə göstərdikləri fəallığa görə təşəkkürnamə təqdim olunub.
Tədbirlər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH), Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi ilə “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsi çərçivəsində həyata keçirilib. Layihədə Azərbaycan üzrə nəzərdə tutulan tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra edilir.
Xatırladaq ki, Beynəlxalq Qız Övladları Günü BMT Baş Assambleyasının qərarı ilə 2012-ci ildən qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına yönəltməkdir.