İtkin düşmüş şəxslər: 11 mindən çox donordan bioloji nümunələr toplanıb – Rəsmi

“2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb. 2023-cü ildən etibarən DTX-nin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır. Bu il iyunun 30-na olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 min 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib”.

turaninsesi.az ” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov bildirib.

Onun sözlərinə görə, iyunun 30-dək 893 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanıb: 

“Ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunub. İstintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib.

Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilib.

Dəfn edilənlərdən 181-i hərbçi, 45-i isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14-ü qadın, 2-si isə azyaşlı olub”.

Arzu Paşaqızı