Gündəmi zəbt edən qəzadakı sürücünün ayağında elektron qolbaq var imiş

Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
Qəzaya səbəb olan avtomobilin sürücüsü ilə bağlı bəzi məlumatlar əldə edilib.
“turaninsesi.az” xəbər verir ki, “BYD” markalı avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb.
O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçərək idarə edib.
Qəza ilə bağlı taksi şirkəti olan “Bolt”dan bildirilib ki, həmin avtomobilin buraxılış kartı 8 aprel tarixində ləğv olunub:
“Sürücü əvvəlcədən bu barədə məlumatlandırılmışdı, lakin texniki səbəblərlə əlaqədar sistemdə bloklanma prosesi müəyyən vaxt tələb edir”.
Qeyd edək ki, bu cür hallar “Bolt” şirkətində tez-tez rast gəlinir. Belə ki, bir çox hallarda sərnişinlər taksi sifariş edərkən tətbiqdə göstərilən avtomobil və sürücü ilə rastlaşmırlar ki, bu da bir sıra narazılıqlara səbəb olur.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI