Ermənilər bir-birini qırmağa hazırlaşır -Qarabağda QARŞIDURMA
Separatçı rejimin “rəhbəri” Araik Arutyunyanın Azərbaycanın humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınması təklifini qəbul etməsi onun tanınmamış “DQR”in siyasi kuluarlarında “günah keçisi” olmasına gətirib çıxarıb.
“Hraparak”a istinadla xəbər verir ki, ötən həftələrdə “istefa” vermək istədiyini deyən A. Arutyunyan Qarabağda ona qarşı olan müxalif siyasi elitanın təzyiqlərindən sonra bu qərarından vaz keçib.
Qondarma “Artsax”ın sabiq “prezidentləri” Arkadi Qukasyan, Bako Saakyan, keçmiş “dövlət naziri” Ruben Vardanyan, eləcə də “parlament”in “Daşnaksutyun” Partiyasından olan “spikeri” Davit İşxanyanın iştirak etdiyi görüşdə fikrini açıqlayan A.Arutyunyanın “istefa” arzusundan vaz keçməsi isə sosial şəbəkələrin erməni seqmentində birmənalı qarşılanmayıb.
Sıravi ermənilərin bir çoxu onu baş verənlərin günahkarı kimi təqdim etsə də, Arutyunyanın “istefa” vermək istəməsini qorxaqlıq adlandıran kəsim çoxluq təşkil edib. Lakin dünənki məlum qərardan sonra Arutyunyanın ətrafındakı halqa daralmaqda davam edir.
Erməni nəşri yazır ki, Arutyunyan özünün müdafiəsi üçün üsyançı milislərin rəhbəri Karen Matevosyanla anlaşıb. Hətta Matevosyan sıravi Qarabağ ermənilərinə videomüraciətində hər kəsi Arutyunyanın ətrafında olmağa çağırmış, o cümlədən Arutyunyana müxalif olan kəsimləri sərt tənqid və təhdid etmişdi.
Qəzet əlavə edib ki, Qarabağdakı qüvvələr toqquşmasında hazırda radikal Ruben Vardanyan və tərəfdarları ilə yanaşı Azərbaycanla danışıqlar məsələsində loyal görünən Arutyunyan və onun tərəfdarları arasında kəskin ziddiyyətlər yaranıb.
“Hraparak” bildirib ki, Xankəndidə Nikol Paşinyanın adamı kimi tanınan indiki “dövlət naziri” Qurgen Nersisyanın bu məsələdə səssizliyini pozmaması, habelə Karen Matevosyanın “hakimiyyəti” Arutyunyandan alıb Samvel Babayana təhvil vermək çabaları Paşinyanın siyasətidir və erməni Baş nazir bölgədə xaosun olmasında maraqlıdır.
Qarabağ separatçıları arasındakı qüvvələr balansından söz açarkən S. Babayanın mövqelərinin də əhəmiyyətli rol oynadığını dilə gətirə bilərik. Ona görə ki, S.Babayan Qarabağ separatçıları arasında Vitali Balasanyan qədər olmasa da, özünəməxsus şəkildə ranqa sahib bir şəxs olub.
Erməni nəşrinə görə Balasanyanın “oyun”dan kənarlaşdırılmasından sonra hazırda əsas müqavimət Arutyunyan və Vardanyan arasında gedir. Babayana gəldikdə isə o da Azərbaycanla dialoq məsələsində pozitiv notlar verib.
KİV iddia edir ki, Arutyunyanın Matevosyanın adamları ilə yerini bərkidəndən sonra rəsmi Bakının təklifinə “hə” deməsi növbəti perspektivdə separatçıların Azərbaycan rəsmiləri ilə Bərdədə yeni bir görüşünün olacağını da istisna etmir.
Hazırda isə Xankəndidə Arutyunyana qarşı böyük təzyiq müşahidə edilsə də, “Qarabağ klanı”nın stajlı üzvü və qondarma “DQR”ə 10 il “Baş nazir”lik etmiş Arutyunyanın indiki perspektivdə devrilməsi inandırıcı görünmür. Onun qan tökmək bahasına olsa belə “hakimiyyət”ini qoruya biləcəyi ehtimal olunur. Amma bu da müvəqqəti xarakter daşıyacaq. Çünki həmin ərazilərin Azərbaycanın yurisdiksiyasına keçməsinə çox az qalıb.