Əhaliyə ŞAD XƏBƏR – Dərmanların qiyməti ucuzlaşır
“Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərdən sonra ölkəmizdə dərman istehsalı sənayesinin yaradılmasının şahidi olduq. Artıq bir neçə dərman istehsalı müəssisəsi istifadəyə verilib, bir neçəsinin isə yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir”.
“Turanın səsi xəbər verir ki , bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin martın 14-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edərkən deyib. Komitə sədri dərman istehsalı müəssisələrinin yaradılmasında təkcə azərbaycanlı sahibkarların iştirak etmədiyini, həmçinin bu işə dünyada tanınmış şirkətlərin də cəlb olunduğunu vurğulayıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev bildirib ki, zavodların açılması və istehsal fəaliyyəti dərmanların qiymətinin müəyyən dərəcədə ucuzlaşmasına gətirib çıxaracaq:
“Azərbaycanın zəngin flora və faunası dərman istehsalı baxımından olduqca əlverişlidir. Digər tərəfdən, məsləyə akademik yanaşsaq, kimya, fizika və digər elmi-tədqiqat institutlarımız, o cümlədən univeristetlərimizdə müvafiq alimlərimiz, mütəxəssislərimiz var. Dərman maddi-bioloji xammaldan, həm də sintetik maddələrdən alınır. Dərman istehsal edən zavodlarının fəaliyyətə başlaması həm də yeni iş yerlərinin açılması deməkdir. Xaricə dərman tədarükü üçün milyonlarla vəsait xərclənir. Hazırda tez-tez qarşılaşdığımız keyfiyyətsiz dərmanlar məsələsi də aktualdır. Zavodlar açılsa bunların qarşısı alınar və büdcəmiz bu qədər vəsait itirməz. Özümüz öz işimizin keyfiyyətinə cavabdeh olarıq. Təbii ki, bu baxımdan qiymətlər də müəyyən dərəcədə aşağı düşəcək. Bütün bu faktorlar nəzərə alındıqda, dərman zavodları tibbi sahədə hərtərəfli müsbət təsir edər. Özümüzdə dərman istehsalı formalaşsa, həm elmi nöqteyi-nəzərdən, həm də ixrac baxımından xeyli gəlir əldə etmək mümkündür”.
Aydın Əliyev bu sahədə çalışa biləcək çox sayıda farmakoloq və əczaçılarımızın olduğunu qeyd edib:
“Ötən il ölkə başçısı dərman zavodlarının açılması haqqında qərar verdi. Dəyərli akademik Əhliman müəllim də bu məsələni qabardırsa, deməli, zavodların açılması olduqca yaxındır. Mən özüm təqribən 20 il bundan öncə ölkəmizdə farmokologiya elmi tədqiqat institutunun açılmasının vacibliyini bir-neçə dəfə qeyd etmişəm. Zavodlar açılmadan öncə belə bir institut açılmalıdır ki, biz dərmanları gözübağlı deyil, elmi nöqteyi-nəzərdən keyfiyyətini təmin edək. Özüm 1984-87-ci illərdə Moskvada Farmakologiya Elmi-Tədqiqat İnstutunda SSRİ-nin ilk anti-oksidan peraparatı olan nekstonun tədqiqatını aparanlardan biri olmuşam. Həm də etraf edim ki, mən Azərbaycanda ilk dərmanın SSRİ səviyyəsində müəllifi olmuşam. Bu zavodların açılması həm dərman istehsalı, həm iş yeri, həm də ölkəyə maddi qazanc gətirməsi baxımından hərtərəfli faydalıdır. Mən bu sahədə olduqca çox danışa bilərəm. Bizim bir çox ölkədə çalışan farmakoloqlarımız, əczaçılarımız var. Onları bir yerə yığıb öz dərman peraparatlarımızı istehsal etmək olduqca böyük təşəbbüs olar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI