Dövlət Sosial Müdafiə Fondu iki Mükəmməllik Sertifikatı ilə təltif edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Mərakeş Krallığında keçirilən Dünya Sosial Təminat Forumunda Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən “Yaxşı idarəçilik” və “Xidmət keyfiyyəti” meyarları üzrə iki Mükəmməllik Sertifikatına layiq görülüb.
Sertifikatlar xarici dövlət qurumlarının da qatıldığı beynəlxalq müsabiqədə ölkəmizdə sosial təminat sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan uğurlu islahatların, proaktiv xidmət modeli çərçivəsində tətbiq edilən çevik və şəffaf rəqəmsal mexanizmlərin, habelə müasir çağırışlara cavab verən, gələcəyə hədəflənən innovativ yanaşmaların müstəqil beynəlxalq ekspertlər tərəfindən dərin, hərtərəfli təhlili və qiymətləndirilməsi nəticəsində təqdim edilib.
Növbəti 3 il üçün hüquqi qüvvəyə malik olan bu sertifikatlar Fondun fəaliyyətinin səmərəli idarə olunduğunu və xidmətlərin keyfiyyəti üzrə beynəlxalq təlimatlara, qabaqcıl rəhbər prinsiplərə mükəmməl səviyyədə cavab verdiyini və sosial təminat sahəsində tətbiq edilən dünya standartlarına tam uyğun olduğunu sübut edir.
Mükafatlar Fondun fəaliyyətinin beynəlxalq səviyyədə qiymətləndirilməsi və tanınmasına, onun fəaliyyətinin qabaqcıl dünya standartlarına uyğun daha da təkmilləşdirilməsinə, eləcə də maraqlı tərəflər arasında Fondun beynəlxalq legitimliyinin dəstəklənməsinə imkan yaradır.
Xatırladaq ki, Fond bu il ərzində digər beynəlxalq qurumların da mükafatlarına – Böyük Britaniyanın “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində iştirak edərək, “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının “Sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl metod və həll yollarına görə Fəxri Diplom”una, həmçinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Ən yaxşı mütərəqqi təcrübəni təsdiq edən xüsusi qeydli Fəxri Diplom”una layiq görülüb.