Dövlət qurumu narkotraffikə dair hesabat yaydı
2024-cü ilin yanvar-sentyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumən 7668 cinayət faktı aşkarlanıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Onlardan 2402-si narkotik vasitələrin qanunsuz satışı, 5040-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 221-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 5-i isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 480 kq 818,632 qr narkotik vasitələrin və psixotrop maddələrin 505 kq 794,459 qr-nı heroin, 4 ton 493 kq 881,15 qr-nı marixuana, 146 kq 571,141 qr-nı tiryək, 30 kq 967,701 qr-nı həşiş, 174 kq 569,787 qr-nı psixotrop maddələr, 129 kq 034,394 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 18758 ədəd metadon, 14314 ədəd çətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Onların ümumi dəyəri 130 milyon 931 min manat qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5781 nəfər cəlb edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI