Bakıda son durum-hərəkəti iflic olub

Son iki gündür ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti, xüsusilə paytaxt Bakıda və bir sıra regionlarda ciddi fəsadlara yol açıb. Aprelin 5-i və 6-da müşahidə olunan fasiləsiz və intensiv yağışlar nəticəsində şəhərin bir neçə yaşayış məntəqəsində küçə və prospektlər su altında qalıb, nəqliyyatın hərəkəti iflic olub.

turaninsesi.az ” xəbər verir ki, Bakının Binəqədi rayonunun Biləcəri, Sulutəpə, Abşeron rayonunun Hökməli qəsəbəsi, Masazır kəndi, Xırdalan şəhəri istiqamətindəki yollarda yaranan dərin gölməçələr sürücülər üçün keçilməz maneəyə çevrilib, bəzi ərazilərdə hərəkət tamamilə dayanıb.

Paytaxtın bəzi yaşayış massivlərində fərdi evlərin həyətyanı sahələrinə və zirzəmilərinə su dolub, sakinlər olduqca çətin vəziyyətdə qalıb. Yağış suları bir neçə yeraltı tuneldə və piyada keçidlərində hərəkəti çətinləşdirib, sərnişin avtobuslarının hərəkət qrafikində ciddi gecikmələr yaranıb.

Həmçinin, güclü yağıntı səbəbindən “Sədərək” və “Binə” ticarət mərkəzlərində də bəzi sahibkarların əmlakına ziyan dəydiyi, drenaj sistemlərinin artan su həcmini çatdıra bilmədiyi qeydə alınıb.

Bundan əlavə, güclü yağıntı ilə müşahidə olunan külək paytaxtın bir sıra rayonlarında ağacların aşmasına və elektrik naqillərinin qırılmasına səbəb olub. Yasamal, Nizami və Nəsimi rayonlarında aşan ağaclar park edilmiş avtomobillərə ziyan vurub.

Güclü yağış regionlara da təsirsiz ötüşməyib. Ən ağır vəziyyət Qusar və Quba rayonlarında qeydə alınıb. Dünən günorta saatlarında Qusar rayonunun Gündüzqala kəndi ərazisindən keçən Quruçayda qəfil yaranan güclü sel suları kənd sakini, 1999-cu il təvəllüdlü Faiq Fərid oğlu Rəsulovu ağuşuna alaraq aparıb. Aparılan axtarışlar nəticəsində F. Rəsulovun meyiti tapılaraq adiyyəti üzrə təhvil verilib.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bu gün də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı gözlənilir, axşam isə tədricən kəsiləcək.

Qeyd olunub ki, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.