Azərbaycanda dövriyyədən çıxarılmış narkotikin ümumi dəyəri açıqlandı

Hüquq-mühafizə orqanları əməliyyat-axtarış tədbirləri nəticəsində ümumən 6 min 516 cinayət faktı aşkarlayıb. Onlardan 2 min 52-si narkotik vasitələrin qanunsuz satışı, 4 min 278-i narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 184-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun hesabatında deyilir.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 696 kiloqram 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 902 kiloqram 792,816 qramını marixuana, 273 kiloqram 855,347 qramını heroin, 141 kiloqram 301,479 qramını tiryək, 68 kiloqram 378,638 qramını həşiş, 181 kiloqram 045,961 qramını digər narkotik vasitələr və 128 kiloqram 507,561 qramını psixotrop maddələr təşkil edib.
Həmçinin göstərilən dövr ərzində 7 min 527 ədəd metadon, 18 min 918 ədəd çətənə bitkisi, 600 qram xaş-xaş kolu, eləcə də 598,692 qram, 95 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
1201 hektar sahədən yaş kütləsi 304 ton 579 kiloqram olan 2 milyon 599 min 973 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 696 kiloqram 035,353 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 170 milyon 290 min manat kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4 min 253 nəfər cəlb edilib onlardan 4 min 127-si kişi, 126-sı qadın olub.
Məsuliyyətə cəlb edilmiş 79 xarici ölkə vətəndaşından ümumilikdə 936 kiloqram 421,475 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qram çətənə bitkisi götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 193 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 768 kiloqram 922,273 qram və 7 min 527 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb və 5,7 qram güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə aşkar edilmiş cinayətlərin 219-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 965 kiloqram 337,674 qram narkotik vasitə, psixotrop maddə və 33 qram güclü təsir edən maddə müsadirə edilib.
2 min 61 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 641 kiloqram 588,011 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Arzu Paşaqızı