Atam, yolun düşsə bu dünyaya bir də gəl… – Zülfüqarın oğlu
Bir gün bu mövzuda nəsə deyəcəyimi heç gözləmirdim. Sözlərə sığmayan, cümlələrin yetərsiz qaldığı bir acım var.
Onun mənə hər fürsətdə verdiyi nəsihətlər bu an belə qulağımda səslənir.
Yaşadığım acının heç bir zaman tərifi olmayacaq. Atam tək mənə ata deyildi, o, mənim ən yaxın dostum, ən yaxın sirdaşım, bir sözlə hər şeyim idi.
Hər imkan olduqda parkda gəzməyə çıxardıq. Onunla qurduğumuz o xoş arzular, o xoş istəklər onunla birlikdə torpağa qarışdı.
Atam sadəcə bu dünyadan özünü aparmadı, sevincim, arzularım, hətta gülüşlərim belə onunla birlikdə torpağa gömüldü.
Düzdü mən atamı sözlərlə ifadə edilə bilməyəcək şəkildə çox sevirdim. Hər oğul atasın sevər, ancaq mən hər zaman onu fərqli hisslərlə, fərqli duyğularla sevirdim, indi də sevirəm dəyişən tək şey onun olmamasıdır.
Belə bir söz var, Allah deyr kimi məndən çox sevərsən onu səndən alaram. Hər gecə Allaha dua edirdim ki, atamı, anamı mənə çox görmə deyə öz canımdan al, onların canına birləşdir, təki olar sağ olsun, təki olar xoşbəxt olsun.
Hər insan oğlun əlbət ki, bir böyük arzusu vardır. Mənim ən böyük arzum, diləyim atama, anama nəvə bəxş etmək idi.
Mən inanıram ki, hər zaman atamın ruhu mənimlə olacaq. Mənə ondan tək qalan sözləri, nəsihətləri deyil, həmçinin bu günə qədər uğraşıb böyük əziyyətlərlə çalışdığı bir saytı mənə miras qoydu.
20 yaşımın olmasına rəğmən sanki çiyinlərimdə 20 ton yük var. Allahın izni ilə bu çətin günləri atladacam.
Mən atama söz verirəm ki, onun bu günə kimi uğraşıb, vuruşub bu yerlərə gətirdiyi saytı hər zaman qoruyacam, nəyinki özüm, mənim belimdən gələn nəsillər də onu idarə edəcək.
Atam, yolun düşsə bu dünyaya bir də gəl…