Spiker Sahibə Qafarovanın Milli Məclisin 25 noyabr 2022-ci il tarixli plenar iclasında çıxışı
Hörmətli həmkarlar!
Gündəliyə keçməzdən əvvəl, mən sizə Milli Məclisin nümayəndə heyətinin noyabrın 20-dən 24-dək Kambocaya rəsmi və işgüzar səfərləri barədə qısa məlumat vermək istəyirəm.
İşgüzar səfərdə məqsəd Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının 43-cü iclasında xüsusi qonaq qismində iştirak etmək idi.
Qeyd edim ki, ASEAN Parlamentlərarası Assambleyası 1977-ci ildə Manilada yaradılmışdır və hazırda 10 dövlətin parlamentlərini birləşdirir, təşkilatda isə artıq 20 ölkə müşahidəçi statusuna malikdir.
Ötən 45 il ərzində bu təşkilat siyasi, sosial-iqtisadi və digər problemlərin geniş spektri üzrə səmərəli qarşılıqlı əlaqə mexanizminə çevrilmişdir.
Əminliklə qeyd etmək lazımdır ki, ASEAN Parlamentlərarası Assosiasiyası Baş Assambleyasının iclasına Milli Məclis sədrinin xüsusi qonaq qismində dəvət edilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu göstərən əlamətdar bir hadisədir.
Hörmətli həmkarlar!
ASEAN Parlamentlərarası Assambleyasının plenar iclasında Azərbaycan, ABŞ, Nepal parlamentlərinə bu nüfuzlu parlament təşkilatında müşahidəçi statusu verilməsi ilə bağlı təntənəli mərasim keçirildi.
Hörmətli deputatlar!
Baş Assambleyanın birinci plenar iclasında etdiyim çıxışda Azərbaycanın apardığı müstəqil siyasət, irəli sürdüyü beynəlxalq təşəbbüslər, ölkəmizin iştirakı ilə həyata keçirilən transmilli nəqliyyat-enerji layihələri barədə iştirakçılara məlumat verdim. Bildirdim ki, bu gün dövlətimiz BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir.
1 il bundan əvvəl Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə təsis edilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi vurğuladım ki, bu yeni parlament qurumu digər parlament təşkilatları ilə fəal əlaqə qurmağa və ümumi hədəflərin əldə olunmasına töhfə verməyə hazırdır.
Hörmətli həmkarlar!
Tədbir çərçivəsində Cənub-Şərqi Asiya ölkələri qadın parlament üzvlərinin görüşü keçirildi. Görüşdə etdiyim çıxışda güclü və sabit cəmiyyət quruculuğunda qadınların iştirakı, müasir dövrdə gender problemlərinin həll edilməsi yolları barədə fikirlərimi bölüşdüm.
Eləcə də, 1918-ci ildə Azərbaycanın əksər Avropa ölkələrindən daha əvvəl qadınlara səsvermə hüququ verdiyini qeyd etdim və ölkəmizdə gender bərabərliyinin təmin edilməsində əldə olunan nailiyyətlərdən də danışdım.
Onu da deyim ki, hər iki toplantıda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının nəticələri, Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri haqqında geniş məlumat verdim.
Nəzərə çatdırdım ki, Ermənistan ziddiyyətli bəyanat və hərəkətlərdən çəkinmir, sülh sazişinin imzalanması üçün real addımlar atmır. Azərbaycan isə regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün ardıcıl səylər göstərir.
Hörmətli həmkarlar!
Kambocaya səfər çərçivəsində 9 ikitərəfli görüş də keçirdim.
Vyetnam Milli Assambleyasının sədri, Tailand Milli Assambleyası və Nümayəndələr Palatasının sədri, Sinqapur Parlamentinin sədri, Nepal Milli Assambleyasının sədri, Mərakeş Nümayəndələr Palatasının sədri və ASEAN Parlamentlərarası Assambleyasının baş katibi ilə görüşlərdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaranması və fəaliyyəti barədə məlumat verdim, bu yeni parlament əməkdaşlığı platformasında iş birliyinin vacibliyini vurğuladım.
Hörmətli həmkarlar !
Çıxışımın əvvəlində qeyd etdiyim kimi, Kamboca Krallığına rəsmi səfər də baş tutmuşdur. Səfər çərçivəsində ölkənin Baş naziri cənab Hun Sen, Milli Assambleyanın sədri cənab Henq Samrin, Kamboca Krallığı Senatının sədri cənab Say Çum ilə görüşlər keçirildi.
Baş nazir cənab Hun Sen ilə görüşdə qarşı tərəf ölkəmizə rəsmi səfərlərini böyük ehtiramla xatırladığını bildirdi, Azərbaycanı torpaqlarını işğaldan azad etməsi münasibəti ilə təbrik etdi. Həmçinin, söhbət zamanı Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yüksək hörmət ifadə olundu.
Onu da deyim ki, Kambocalı həmkarım – Milli Assambleyanın spikeri ilə görüşdə Azərbaycan və Kamboca parlamentləri arasında Anlaşma Memorandumunun imzalanması mərasimi də keçirildi.
Hər iki spikerlə və dostluq qrupları ilə görüşlərdə söhbətlər zamanı ikitərəfli parlament əməkdaşlığının inkişaf etdirilməsi yolları və digər məsələlər barəsində də fikir mübadiləsi aparıldı.
Bütün görüşlər zamanı ölkəmizin inkişafı, Azərbaycanın 44 günlük Vətən müharibəsi, bu gün azad olunmuş ərazilərdə mina problemləri, aparılan bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilmişdir.
Hörmətli həmkarlar!
Hesab edirəm ki, Milli Məclisin nümayəndə heyətinin Kambocaya səfəri uğurlu keçdi və bununla əlaqədar nümayəndə heyətinin hər bir üzvünə dərin minnətdarlığımı bildirirəm.
Hörmətli həmkarlar, diqqətinizə görə çox sağ olun. Mənim məlumatım bu qədər.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09