Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüş

Yanvarın 22-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin sədrləri ilə görüşüb.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Qardaş ölkələrin nümayəndələrini Milli Məclisdə görməkdən məmnunluğunu ifadə edən birinci vitse-spiker qonaqları Milli Məclisin rəhbərliyi, şəxsən spiker Sahibə Qafarovanın adından salamlayıb. Əli Əhmədov dünən Türkiyədə baş vermiş dəhşətli yanğında həlak olanlarla bağlı dərin kədərini ifadə edib və Türkiyə xalqına başsağlığı verib.

Daha sonra birinci vitse-spiker Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələrinin “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirinə dair cavab tədbirləri” mövzusunda keçirilmiş ikinci iclasında aparılan müzakirələrin əhəmiyyətini vurğulayaraq, onlara bu istiqamətdə qəbul edilən qərarların reallaşdırılmasında  uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səhiyyənin yüksək inkişafına nail olunduğunu, ölkəmizin COVİD19 pandemiyasının təsirlərinin aradan qaldırılması istiqamətində dəyərli təşəbbüslərə müəlliflik etdiyini diqqətə çatdırıb. O, ölkəmizin qlobal iqlim dəyişiklikləri ilə mübarizədə ön sıralarda durduğunu bildirib və buna misal olaraq ötən il ölkəmizdə keçirilmiş COP29-un uğurlu nəticələrini xatırladıb.

Müxtəlif çeşidli məsələlərin, o cümlədən səhiyyə sahəsində mövcud olan problemlərin türk dövlətləri ilə birlikdə həm də parlament ölçüsündə həllinə nail olunması üçün TÜRKPA-nın vacib platformaya çevrildiyini söyləyən birinci vitse-spiker qarşılıqlı fayda əsasında formalaşan birgə fəaliyyət sayəsində əhəmiyyətli nəticələrin əldə ediləcəyinə inamını ifadə edib.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komissiyasının sədri Vedat Bilgin, Qırğız Respublikası Joqorku Keneşinin Sosial siyasət komitəsinin sədri Vinera Raimbaçayeva, Özbəkistan Respublikası Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə məsələləri komitəsinin sədri  Bahrom Abdullayev və Şimali Kipr Türk Respublikası Məclisinin İnzibati, ictimai və səhiyyə məsələləri komitəsinin sədr müavini Filiz Besim səmimi qəbula və yüksək qonaqpərvərliyə görə Azərbaycan parlamentinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qonaqlar iqlim dəyişikliklərinin neqativ təsirləri ilə mübarizə kontekstində TÜRKPA çərçivəsində türk dünyasının səhiyyəsinin inkişafına mühüm töhfə verən əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.

Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Məlahət İbrahimqızı və Heydər Əsədov, TÜRKPA-nın və Parlament Aparatının məsul əməkdaşları iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI