TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında
Yanvarın 22-də Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) üzv ölkələrin parlamentlərinin Səhiyyə komitələri sədrlərinin “İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri” mövzusuna həsr edilmiş ikinci iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikası parlamentlərinin səhiyyə məsələləri üzrə komitələrinin sədrləri, deputatları və TÜRKPA Katibliyinin nümayəndələri iştirak ediblər.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
İclası açan Milli Məclisin Səhiyyə komitəsinin sədri və TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov qonaqları Milli Məclisin sədri Sahibə Qafarovanın adından səmimi salamlayıb. Sonra komitə sədri, Türkiyənin Bolu vilayətindəki Kartalkaya dağ-xizək mərkəzində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, həlak olanların ailələrinə və yaxınlarına səbir, yaralıların tezliklə sağalmalarını arzulayıb. Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İqlim dəyişmələrinin insan sağlamlığına təsirləri barədə ətraflı danışan komitə sədri, yer kürəsində orta temperaturun artması, təbii fəlakətlər, ekstremal hava şəraitləri və ətraf mühitin çirklənməsi nəticəsində yaranan sağlamlıq problemlərinin xüsusilə uşaqlar və yaşlılar üçün risklər yaratdığını vurğulayıb. Türk dövlətlərinin səhiyyə sistemlərinin bu təsirlərə uyğunlaşması, adaptasiya planlarının hazırlanması, tibbi infrastrukturun gücləndirilməsi və tibb işçilərinin hazırlıq səviyyəsinin artırılması vacib məsələ kimi qeyd edilib. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ekoloji standartların sərtləşdirilməsi və “yaşıl texnologiyalar”ın tətbiqi əsas prioritetlər adlandırılıb.
Əhliman Əmiraslanov, Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakını xüsusi qeyd edərək, beynəlxalq əməkdaşlıq sahəsində atılan addımlar barədə danışıb. O, ölkəmizin 200-ə yaxın ölkənin iştirakı ilə keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsini və konfrans çərçivəsində əldə olunmuş mühüm nəticələri yüksək qiymətləndirib.
Toplantıda çıxış edən parlament komitələrinin sədrləri – Türkiyədən Vedat Bilgin, Qırğızıstandan Vinera Raimbaçayeva, Qazaxıstandan Güldara Nurimova (videokonfrans formatında), Özbəkistandan Bahrom Abdullayev və Şimali Kipr Türk Respublikasından Filiz Besim iqlim dəyişmələrinin təsirlərinə diqqət çəkərək, Türk dövlətlərinin iqlim dəyişiklikləri ilə mübarizədə birgə səylərinin gücləndirilməsi məqsədilə qanunvericiliyin uyğunlaşdırılması, ortaq tədqiqatların aparılması və strateji planların hazırlanması, həmçinin enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin inkişafı və ekoloji cəhətdən təmiz texnologiyalara dəstək kimi tədbirlərin həyata keçirilməsini təklif ediblər. İştirakçılar iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli addımların atılmasının gələcək nəsillərin sağlamlığı və rifahı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Toplantıda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er məruzə ilə çıxış ediblər. Çıxışlarda iqlim dəyişiklikləri ilə mübarizədə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi və parlamentlərin bu məsələdəki rolu vurğulanıb, yeni model qanun layihələrinin hazırlanması və mövcud qanunvericilik bazasının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub. Hüquqi çərçivənin gücləndirilməsinin zərurətindən danışan Adil Vəliyev, bu sahədə milli qanunvericilikdə görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.
İclasda çıxış edən Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva və Şimali Kipr Türk Respublikası Məclisinin üzvü Ahmet Savaşan mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxışçılar iqlim dəyişikliklərinin ölkələrin iqtisadiyyatına, xüsusən də səhiyyə sektoruna təsirlərindən danışıb, ölkələrində bu sahədə həyata keçirilən mübarizə tədbirləri barədə məlumat veriblər, ekoloji maarifləndirmə barədə yeni təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.
Beləliklə, iclas iştirakçıları iqlim dəyişikliyi ilə mübarizədə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi və gələcək strategiyaların formalaşdırılmasının əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, milli qanunvericiliyin uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, ekoloji standartların sərtləşdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və “yaşıl texnologiyaların” tətbiqinin vacibliyi vurğulanıb.
İclasda bir sıra təşkilati məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI