Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Səməd Seyidov yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar diləyib.

turaninsesi.az” xəbər verir ki, komitə iclasında əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri iclasın 5 məsələdən ibarət gündəliyi barədə məlumat verib. O, əvvəlcə gündəliyin birinci məsələsini – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 13 iclası keçirilib. Həmin iclaslarda baxılan qanun layihələri barədə danışan komitə sədri ötən sessiyada qəbul olunan “Diplomatik xidmət haqında” Qanunun əhəmiyyətini xüsusi vurğulayıb. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planı barədə bildirilib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Gündəliyin üçüncü məsələsi olan “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı qeyd olunub ki, sənəd ölkələrimiz arasında yaşıl enerji sahəsində yeni strateji çərçivəni müəyyən edərək Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirəcək, Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında yeni imkanlar açacaq.

Dördüncü məsələ olan  “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi barədə isə bildirilib ki, Təmiz Enerji Mərkəzi bərpa olunan enerjinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində üzv dövlətlərin kollektiv səylərini birləşdirən qurumdur. Səməd Seyidov Azərbaycanın bu mərkəzə ev sahibliyi etməsini ölkəmizin regional enerji təşəbbüslərində strateji rolunun artması kimi dəyərləndirib.

“Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə Milli Məclisin qərarının layihəsi ilə bağlı komitə sədri Səməd Seyidov məlumat verib ki, Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır və deputat Səbinə Salmanova həmin işçi qrupuna rəhbər təklif edilir.

Müzakirələrdə komitə sədrinin müavini Nigar Arpadarai, komitə üzvləri Rizvan Nəbiyev, Elçin Mirzəbəyli, Nigar Məmmədova, Elman Nəsirov, Fariz İsmayılzadə çıxış edərək, gündəlikdəki məsələlərlə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər, təqdim olunan layihələrin vacibliyini qeyd ediblər.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, qanun layihələri və qərar layihəsi  Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda  deputatlar Cavanşir Feyziyev, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Ramil Həsən,  Sevil Mikayılova, Asim Mollazadə, Rasim Musabəyov, Gülşən Paşayeva, Zaur Şükürov, Pərvanə Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI