Yer sakinləri bu gün 6 planeti eyni vaxtda görə biləcəklər
Venera, Saturn, Neptun, Uran, Yupiter və Mars planetləri Günəşin eyni tərəfində olduqları üçün yanvarın 21-də Yerdən eyni vaxtda görünəcəklər.
“turaninsesi.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə astronom Lyudmila Koşman bildirib.
Onun sözlərinə görə, bu halda “planetlərin paradı” haqqında danışmaq mümkün olmayacaq, çünki göy cisimləri kifayət qədər böyük sektorda (130°-ə qədər) yerləşəcək. Bu astronomik hadisənin baş verməsi üçün dörd və ya daha çox planet bir-birinə yaxın toplanmalı və aralarındakı bucaq məsafəsi 20-30°-dən çox olmamalıdır. Koşman qeyd edib ki, fevralın 28-də kiçik “parad” (dörd planetə qədər) görmək mümkün olacaq.
“28 fevral 2025-ci il: axşam saatlarında 7 planet: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars. Bu, səmada eyni anda 7 planetin görünəcəyi ən yaxın tarixdir”, – astronom deyib.
O əlavə edib ki, planetlərin növbəti böyük “paradı” 2040-cı il sentyabrın 8-də baş verəcək.