MM-in sədri Sahibə Qafarova Kambocada bir sıra ölkələrin parlament rəhbərləri və ASEAN PA-nın baş katibi ilə görüşlər keçirib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasında (APA) iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdədir. Azərbaycan parlamentinin spikeri səfər çərçivəsində noyabrın 22-də bir sıra ölkələrin parlament rəhbərləri, həmçinin APA-nın baş katibi ilə görüşlər keçirib.
Tailand Krallığı Milli Assambleyası və Nümayəndələr Palatasının sədri Çuan Likpay, Sinqapur Respublikası Parlamentinin sədri Tan Çuan-Jin, Nepal Federal Demokratik Respublikası Milli Assambleyasının sədri Qaneş Prasad Timilsina və APA-nın baş katibi Nquyen Tuonq Van ilə keçirilən görüşlərdə Milli Məclisin sədri Sahibə Qafarova bu kimi parlament platformalarının görüşmək, dialoqu davam etdirmək, ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından yaxşı imkan olduğunu bildirib. Azərbaycanın beynəlxalq əməkdaşlıq məsələlərinə böyük diqqət göstərdiyini bildirən spiker Sahibə Qafarova deyib ki, ölkəmiz qlobal sülhə, əməkdaşlığa və inkişafa töhfə verən mühüm təşəbbüslərlə çıxış edir. Milli Məclisin sədri xüsusilə Azərbaycanın BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyi haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə təsis olunub. Onun ilk konfransı bu ilin iyun ayında Bakıda keçirilib. Bildirilib ki, Bakı konfransında 40-dan çox ölkə və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Konfrans zamanı Bakı Bəyannaməsi, Parlament Şəbəkəsinin Əsasnaməsi, həmçinin təşkilatın rəsmi loqosu və bayrağı qəbul edilib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti konfransının gələn ilin martında Manamada keçirilməsi planlaşdırılır. Görüşlərdə tədbirə hazırlıq məqsədilə görülən işlər barədə məlumat verilib.
Görüşlərdə həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığın vacibliyi vurğulanıb, Azərbaycanın bu təşkilatın institusional inkişafı istiqamətində addımlar barədə danışılıb.
Söhbətlər zamanı Milli Məclisin sədri həmçinin ölkəmizin 2020-ci ildə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərini azad etməsi və öz ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra bölgədə yaranmış yeni vəziyyət, həmçinin, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan böyük quruculuq və bərpa işləri barədə ətraflı məlumat verib.
Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması ilə bağlı müraciətinə dərhal cavab verilməsinə və dəstəklənməsinə görə, bu təşkilatın rəhbərliyinə, o cümlədən Sinqapur və Tailanda minnətdarlığını bildirib. O, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırdır.
Azərbaycan Milli Məclisinin sədri ilə görüşdə Tailand Krallığı Milli Assambleyası və Nümayəndələr Palatasının sədri Çuan Likpay spiker Sahibə Qafarovanın Assambleyadakı çıxışına diqqətlə qulaq asdığını və Azərbaycan haqqında, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlər barədə ətraflı məlumat əldə etdiyini bildirib.
O, deyib ki, coğrafi uzaqlığa baxmayaraq, onun ölkəsi parlamentlərarası əlaqələrimizi daha da inkişaf etdirmək istəyir. Dostluq qrupunun yaradılması münasibətlərimizin daha da dərinləşməsinə töhfə verə bilər. Çuan Likpay həmçinin, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətində iştirak etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Sinqapur Respublikası Parlamentinin sədri Tan Çuan-Jin bu cür tədbirlərin əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsət olduğunu bildirib, ölkəsinin beynəlxalq əməkdaşlıq məsələlərinə böyük önəm verdiyini qeyd edib. O, həmçinin, Azərbaycan Milli Məclisi ilə əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib.
Nepal Federal Demokratik Respublikası Milli Assambleyasının sədri Qaneş Prasad Timilsina isə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi haqqında fikirlərini bölüşüb. O, deyib ki, Azərbaycanın Hərəkata uğurla sədrliyi onun fəaliyyətinin səmərəliliyini daha da artırır. O, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünə görə Azərbaycanı təbrik edib. Qeyd edib ki, Nepal Parlament Şəbəkəsi çərçivəsində fəaliyyətini daha da gücləndirəcək.
ASEAN PA-nın baş katibi Nquyen Tuonq Van təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. O, deyib ki, adətən parlamentlərin təşkilata müşahidəçi statusu almaq üçün müraciətinə 2-3 il ərzində baxılır. Lakin Azərbaycanın müraciətinə dərhal müsbət cavab verilib və Milli Məclis ASEAN PA-da müşahidəçi ölkə statusu alıb.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi