Generalın cinayət işi Ali Məhkəmədə araşdırılacaq

“Tərtər işi”ndə ittiham olunaraq məhkum edilən general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov barəsindəki cinayət işi Ali Məhkəmədə araşdırılacaq. 

turaninsesi.az“-ın məlumatına görə, dekbarın 18-də iş üzrə məhkəmə baxış iclası təyin edilsə də, baş tutmayıb. 

Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov 2023-cü ildə cinayət məsuliyyətinə cəlb edilib. 

Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinin məhkəmə istintaqı Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə aparılıb.

Məhkəmənin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Ziya Kazımov və Ülvi Rəşidov 9 il 6 ay, İntiqam Məmmədov və Rahib Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Bəkir Orucovun cəzasını 6 il 6 aya endirib. 

Digərlərinin cəzası isə 4 ay azaldılıb.