Meyvə-tərəvəz bahalaşır: Azərbaycan ixracını artıracaq

Noyabr ayında Rusiyada meyvə və tərəvəz məhsullarının qiymətləri orta hesabla 10,4 faiz bahalaşıb. Xüsusilə, xiyarda qiymət artımı təxminən 43 faiz təşkil edib.

turaninsesi.az” xəbər verir ki, Rosstat-ın hesabatına əsasən, oktyabr ayında bu məhsulların qiymətində 1,4 faiz artım qeydə alınmışdı. Ümumilikdə, ilin əvvəlindən etibarən meyvə və tərəvəzlərin qiymətləri 12 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə isə 18,7 faiz yüksəlib.

Statistikaya görə, noyabrda xiyarın qiyməti 42,6 faiz (oktyabrda 3,8 faiz), pomidorun qiyməti 22,8 faiz (3,2 faiz), soğanın qiyməti 19 faiz (4,4 faiz), kartofun qiyməti 17,6 faiz (4,9 faiz), kələmin qiyməti isə 16,1 faiz artıb (oktyabrda 3,4 faiz azalma). Bundan başqa, yerkökündə qiymət artımı 5,7 faiz (azalma 6,5 faiz), bananda isə 5,4 faiz (artım 4,4 faiz) təşkil edib. Limonun qiyməti isə 1,8 faiz ucuzlaşıb.

Xatırladaq ki, Azərbaycanın xiyar və pomidor ixracında Rusiya əsas pay sahibidir – ixracın 95 faizdən çoxu bu ölkəyə yönəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 136 milyon 365,52 min dollarlıq 115 min 368,63 ton pomidor, eləcə də 1 milyon 600,79 min dollarlıq 1546,04 ton xiyar göndərilib.

Rusiyada qiymət artımının oktyabr ayından etibarən başladığını nəzərə alaraq, ilin sonunadək bu ölkəyə ixrac həcminin daha da sürətlənəcəyini proqnozlaşdırmaq mümkündür.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI