Milli Məclisin plenar iclasında2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olanqanun layihələri birinci oxunuşda qəbul edilib

Noyabrın 27-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin də iştirak etdiyi iclasda 2025-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam etdirilib.


Dövlət sosial müdafiə fondunun və İşsizlikdən sığorta fondunun 2025-ci il büdcələri ilə bağlı məsələlərin Milli Məclisin dünənki plenar iclasında başlayan müzakirəsinin davamında komitə sədri Zahid Oruc, deputatlar Ceyhun Məmmədov, Razi Nurullayev, Ramil Həsən, Bəxtiyar Əliyev, Jalə Əliyeva, Aydın Hüseynov, Rövşən Muradov, Mahir Süleymanlı, Arzuxan Əli-zadə, Səyyad Salahlı, Günay Ağamalı, Tənzilə Rüstəmxanlı çıxış ediblər.
Deputatlar çıxışlarında pensiyanın, əlilliyin, müavinətlərin və sosial ödənişlərin təyin olunması, əhalinin məşğulluğunun və peşə hazırlığının artırılması, özünüməşğulluq və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşməsi, şəhid ailələrinin və qazilərin, o cümlədən həssas qrupdan olan insanların maddi rifah halının yaxşılaşdırılması kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Millət vəkilləri, həmçinin təmsil etdikləri bölgə və rayonlarda seçiciləri narahat edən məsələləri hökumət üzvlərinin diqqətinə çatdırıblar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirilən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə ətraflı aydınlıq gətirib. Bu sahədə görülən işlərlə bağlı faktları və statistik rəqəmləri səsləndirib.
Sonra “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI