Bakıda keçirilən COP29-da yeni kollektiv iqlim məqsədi təsdiqləndi

BMT-nin Bakıda keçirilən COP29 iqlim konfransında iqlim maliyyəsi üçün Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) yekun variantı təsdiq edilib. O, 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur ki, bu da əvvəlki hədəfdən 3 dəfə çoxdur. 

turaninsesi.az” xəbər verir ki, COP29-un yekun plenar iclasının ikinci hissəsi başa çatıb.

Bundan əlavə, iştirakçı ölkələr yeni iqlim maliyyə etalonunun – “Baku Finance Goal”-ın yaradılması barədə razılığa gəliblər. Bu mexanizm 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinin inkişafı üçün hər il 1,3 trilyon dolların səfərbər edilməsini nəzərdə tutur.

BMT-nin Baş katibi Antonio Quterreş COP29-un nəticələrini şərh edərkən, “Maliyyələşmə bir nömrəli prioritet idi, borc bataqlığında, təbii fəlakətlərdən əziyyət çəkən və bərpa olunan enerji inqilabından geridə qalan inkişaf etməkdə olan ölkələr maliyyə vəsaitlərinə böyük ehtiyac duyurlar”.

O, COP29-da bu razılaşmanın qlobal istiləşmə həddini 1,5 dərəcə saxlamaq üçün zəruri olduğunu bildirib:

“Mən üzləşdiyimiz ciddi problemin öhdəsindən gəlmək üçün həm maliyyə, həm də təsirlərin yumşaldılması baxımından daha iddialı nəticəyə ümid edirdim. Lakin bu saziş gələcək inkişaf üçün əsas verir”.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev öz növbəsində bildirib ki, COP29-a sədrlik Braziliyanın COP30-da gələcək sədrliyini dəstəkləyərək il boyu öz işini davam etdirəcək: “Biz bütün ölkələri gələn ilin fevral ayına qədər öz yeni Milli Müəyyənləşdirilmiş Töhfələri (NDC) təqdim etməyə təşviq edəcəyik”.

İqlim üzrə Avropa komissarı Vopke Hoekstra jurnalistlərə bildirib ki, dünya hazırda son dərəcə çətin geosiyasi dövrdən keçir və belə bir zamanda iqlimin maliyyələşdirilməsi üzrə yekun razılaşmanın əldə olunması böyük nailiyyətdir:

“Biz hamımız daha çox maliyyə təmin etmək üçün çox çalışmışıq. 300 milyard dollarlıq hədəf daha realdır. Biz həmçinin gələcəkdə maliyyələşdirməni artırmağı öhdəmizə götürmüşük. Biz iqlim dəyişikliyinə ən həssas olan ölkələri dəstəkləmək üçün çox çalışmışıq ki, onların maliyyəyə çıxışı təmin olunsun”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil hesab edir ki, COP29 iştirakçıları öz məqsədlərinə nail ola biliblər:

“Bu yeni maliyyə məqsədi hər bir ölkəyə pisləşən iqlim təsirləri qarşısında bəşəriyyət üçün sığorta siyasətidir. Hər bir sığorta siyasəti kimi, o, yalnız sığorta haqları tam və vaxtında ödənildikdə işləyir”.

Stilin sözlərinə görə, Bakıda qəbul edilən qərar təmiz enerji sahəsində artıma təkan verəcək:

“Bu, iqlim böhranının ön cəbhələrində olanlar, xüsusən də ən həssas olanlar üçün real müdafiəni maliyyələşdirməyə kömək edəcək. COP29 həmçinin, bir neçə əvvəlki COP-un buna nail ola bilmədiyi təxminən on illik gərgin işdən sonra karbon bazarları üzrə qlobal razılaşma əldə etdi”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI