Elektrik enerjisi və su təchizatı ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
” turaninsesi.az” xəbər verir ki, Fərmanla Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin, NK-ya müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək həvalə olunub.
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821) isə aşağıdakı dəyişikliklər edilir:
– 6.2-ci və 6.3-cü bəndlərə “Mingəçevir” sözündən sonra “, Naxçıvan” sözü əlavə edilir;
– həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5-ci hissəsi üzrə:
– 5.1-ci bənddən “, habelə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanı (qurumu)” sözləri çıxarılır;
5.8-ci bənddən “, Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanının (qurumunun) rəhbərindən” sözləri çıxarılır.