“Masdar” Azərbaycan dəmir yollarının dekarbonizasiyası ilə bağlı planlarını açıqladı
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə birgə apardığı araşdırmalar nəticəsində onun dekarbonizasiya potensialını müəyyən edib.
“turaninsesi.az” xəbər verir ki, bu brədə “Masdar Azərbaycan Enerji” MMC-nin meneceri Murad Sadıqov COP29 çərçivəsində keçirilən “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbirdə bildirib.
M. Sadıqov qeyd edib ki, “Masdar” və ADY hazırda araşdırma mərhələsindədir və ilk addım kimi dəmir yolu stansiyalarından və yük logistikası vasitələrindən başlayaraq, mərhələli şəkildə hərəkət heyətinin (rolling stock) dekarbonizasiyasına keçməyi planlaşdırır:
“Hərəkət heyətinin dekarbonizasiyası mürəkkəb bir prosesdir, çünki bu sahədə beynəlxalq səviyyədə nümunəvi hesab edilə biləcək standartlar hələ mövcud deyil. Buna baxmayaraq, “Azərbaycan Dəmir Yolları” beynəlxalq məsləhətçilər və maliyyə institutlarının dəstəyi ilə alternativ enerji mənbələrinin tətbiqini də əhatə edən bir sıra araşdırmalar aparıb”.
M. Sadıqov həmçinin Azərbaycanda təmiz enerji istehsalı ilə bağlı geniş planlardan danışıb. Onun sözlərinə görə, ölkə 10 giqavata qədər təmiz enerji istehsalı hədəfi qarşısına qoyub:
“Artıq 1 giqavatlıq layihələr üçün müqavilələr imzalanıb. Bunlardan biri 760 meqavat gücündə iki günəş enerjisi layihəsidir və COP29 çərçivəsində əlavə maliyyələşdirmə ilə bağlı sazişlər imzalanıb. Bundan əlavə, 240 meqavat gücündə külək enerjisi layihəsi həyata keçirilib. Hazırda 230 meqavat gücündə günəş enerjisi layihəsi fəaliyyət göstərir və daha çox layihələr üzərində işləyirik. Həmçinin SOCAR və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə birgə 3,5 giqavatlıq dənizdə külək enerjisi layihəsi imzalanıb”.
O vurğulayıb ki, bu layihələr yalnız ölkənin enerji sektorunun deyil, həm də nəqliyyat sektorunun dekarbonizasiyasına mühüm töhfə verəcək.
“Biz bu yolu həm maraqlı, həm də çətin hesab edirik. Kiçik pilot layihələrdən başlayaraq, “yaşıl enerji”nin ölkədə daha geniş yayılmasını təmin etmək üçün addım-addım irəliləməyə çalışacağıq. Bu təşəbbüslər Azərbaycanın iqlim dayanıqlığı strategiyasının və nəqliyyat sektorunda davamlı inkişaf hədəflərinin bir hissəsidir”, – deyə o bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI