Tramp anti-İran kabineti qurur: Adlar açıqlandı

Donald Tramp seçkilərdən sonra yeni komandasının tərkibini açıqlayıb. Əsaslı təyinatlar arasında Syuzan Uayls Ağ Evin başçısı vəzifəsinə, Pit Heqset müdafiə naziri vəzifəsinə, Matt Qaetz isə ədliyyə naziri olaraq göstərilib.

Eyni zamanda, Tulsi Qabbard Milli Kəşfiyyat direktoru vəzifəsinə təklif olunub. Bu təyinatlar Trampın yaxın tərəfdarları və siyasi müttəfiqləri ilə formalaşdırılıb. Bu, Donald Trampın daha sərt təhlükəsizlik siyasəti və hüquq sistemində islahatlar həyata keçirəcəyi anlamına gəlir. Qeyd edilir ki, bundan sonra ABŞ-nin xarici siyasətində və daxili iqtisadiyyatında daha sərt yanaşmalar tətbiq ediləcək.

turaninsesi.az” xəbər verir ki, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Musavat.com-a mövzu ilə bağlı şərh verərkən bəzi məqamları diqqətə çatdırıb:

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp artıq komandasının tərkibini elan edib və yəni administrasiyada müdafiə naziri, dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri və Amerikanın İsraildəki yeni səfiri postları xüsusi maraq doğurur.

Maraqlısı budur ki, ABŞ-nin İsraildəki səfiri ilk dəfə olaraq yəhudi yox, Arkanzas ştatının keçmiş qubernatoru, ABŞ prezidentliyinə iki dəfə namizəd olmuş Mayk Hakabi olacaq. Hakabi Fələstin dövlətinə qarşı çıxan, İsrail tərəfdarı olan yevangelistdir.

Yeni komandasında Donald Tramp 44 yaşlı keçmiş hərbçi və teleşərhçi Piter Hegseti müdafiə naziri vəzifəsində görmək istəyir. 53 yaşlı senator Marko Rubio dövlət katibi postuna, 50 yaşlı konqresmen Mayk Vals isə milli təhlükəsizlik üzrə müşavir təyin ediləcək. Bu təyinatlar ABŞ-nin təhlükəsizlik və xarici siyasətində daha sərt və qətiyyətli mövqeyə fokuslanacağını göstərir. Bu insanları birləşdirən ən mühüm xüsusiyyət isə qatı mühafizəkar olmalarıdır.

Müdafiə naziri postuna namizəd olan Peter Bryan Hegset 34 il orduda xidmət edib, o cümlədən İraqda və Əfqanıstanda, son 10 ilini isə FOX TV kanalında şərhçi kimi keçirib. Ekspertlər onun Pentaqon rəhbəri olmaq üçün kifayət qədər təcrübəsi olmadığı qənaətindədir, amma o, Trampa sadiqdir və Tramp vasitəsilə orduda ciddi dəyişikliklər ediləcək. Başqa sözlə, müdafiə naziri prezidentin istəklərini yerinə yetirəcək.

Marko Rubiyo Çin və İranla bağlı sərt mövqeyi ilə tanınır. O, Çin şirkətləri üçün vergiləri artırmağı təklif edib və İranı Yaxın Şərqdəki problemlərin səbəbi kimi görür.

Polkovnik Mayk Valts isə ABŞ ordusunda 25 ildən artıq xidmət edib və “yaşıl beretlər” elit qüvvələrində zabit olaraq Yaxın Şərqdə və Əfqanıstanda əməliyyatlarda iştirak edib. Vals da Çin və İranla bağlı sərt mövqeyi ilə tanınır. Onun təyinatı İsraildəki konservativlər tərəfindən alqışlanıb.

Görünən odur ki, Trampın xarici siyasətdəki radikal xətti hələ uzun müddət davam edəcək. Xüsusilə İran və Çinlə bağlı siyasət dəyişməyəcək və münasibətlər gərgin olaraq qalacaq”.