DİN-in mətbuat xidmətinin məlumatı
Noyabrın 14-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
Noyabrın 13-də saat 15 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində Aşıqlar kənd sakini Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Füzuli rayon sakini Ş.Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Abbasov və sərnişini olan həyat yoldaşı Nərgiz xəstəxanaya yerləşdirilib, C.Abbasov orada ölüb, qadının vəziyyəti orta-ağırdır.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Noyabrın 14-də saat 17 radələrində Nizami rayonu ərazisində Masallı rayon sakini S.Müseyibov idarə etdiyi “Toyota” markalı avtombillə yolu keçən 35-40 yaşlı kişini vurub və nəticədə piyada hadisə yerində ölüb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Noyabrın 14-də saat 18 radələrində Bərdə rayonunun Mirzəbəyli kəndi ərazisində Samux rayon sakini E.Orucov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Gülarə Zeynalovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda cibgirlikdə məşğul olan 3 qardaş yaxalanıb.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müxtəlif vaxtlarda paytaxtın Yasamal və Nəsimi rayonları ərazilərində marşrut avtobuslarında 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 3 qardaş – Elnur, Faiq və Ruslan Süleymanovlar müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 4500 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin nəvəsi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.