Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə elmi-praktiki konfrans keçirilib
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda hər iki nazirliyin mülki müdafiə üzrə aidiyyəti məsul vəzifəli şəxsləri, respublikanın ali təhsil müəssisələrinin mülki müdafiə sahəsinə məsul prorektorları, eləcə də “Mülki müdafiə fənni” tədris olunan kafedra müdirləri və professor-müəllim heyəti iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, bu sahədə qarşıda duran vəzifələrin və onların həyata keçirilməsi yollarının müəyyən edilməsi, ali təhsil müəssisələrində təhsil alan tələbələrin mülki müdafiə üzrə bilik səviyyələrinin yüksəldilməsi, “Mülki müdafiə fənni”nin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması, eləcə də nazirliklər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsinin aparılması olub.
Əvvəlcə, konfrans iştirakçıları Akademiyanın binasında xalqımızın ulu öndəri Heydər Əliyevin büstü önünə əklil qoyub, Ümummilli Liderin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.
Sonra konfrans öz işinə başlayıb. Konfrans açıq elan olunduqdan sonra iştirakçılar mülki müdafiə sahəsində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə FHN tərəfindən hazırlanmış videoçarxı izləyiblər.
Sonra FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov çıxış edərək mülki müdafiə sahəsində görülən işlərin səmərəliliyinin artırılması məqsədilə mülki müdafiə sisteminin inkişafında elm və təhsilin rolundan bəhs edib, bu sahədə elmi tədqiqatların aparılmasının, innovativ və texnoloji yeniliklərin əldə olunmasının, “Mülki müdafiə fənni”ni tədris edən kadrların biliyinin təkmilləşdirilməsi, onların ixtisaslarına uyğun, mülki müdafiə sahəsində praktiki təcrübələri nəzərə alınmaqla seçilməsinin, ali təhsil müəssisələrində digər kafedralarla yanaşı, mülki müdafiə kafedralarının açılmasının, “Mülki müdafiə fənni”nin tədrisi üzrə dərs vəsaitlərinin azərbaycan, rus, həmçinin, ingilis dili bölmələri üçün hazırlanmasının təşkilinin vacibliyindən danışıb. Baş idarə rəisi “Mülki müdafiə fənni” üzrə tədris və tədris-metodiki vəsaitlərin, dərsliklərin, kitabların, o cümlədən elektron tədris vəsaitlərinin hər bir təhsil müəssisəsinin profilinə uyğun hazırlanmasının və bu sahədə mövcud qanunvericilik aktlarından istifadə edilməklə mülki müdafiə tədris sisteminin müasirləşdirilməsi və maddi-tədris bazasının müasir dövrün tələbləri səviyyəsində qurulmasının, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə məlumat mübadiləsi və nazirliklər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruruliyini vurğulayıb. “Mülki müdafiə fənni”nin tədrisi ilə əlaqədar mütəmadi olaraq elmi-praktiki konfransların, seminarların, mülki müdafiə məsələlərinə həsr olunmuş digər kütləvi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayan N.Zamanov mülki müdafiənin tədrisi ilə bağlı açıq dərslərə digər tədris müəssisələrinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin dəvət edilməsinin, ali təhsil müəssisələrinin və FHN Akademiyasının professor və müəllim heyəti ilə mülki müdafiə məsələlərinə həsr olunmuş görüşlərin keçirilməsinin və elmi-təcrübə mübadilələrinin aparılmasının, “Mülki müdafiə fənni”nin proqramlarına praktiki saatların daxil edilməsinin (mülki müdafiə işi nümunəvi təşkil olunan obyektlərdə praktiki dərslərin keçirilməsi) vacibliyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və AMEA-nın müxbir üzvü, Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası”nın müdiri İslam Mustafayev çıxış edərək mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini qeyd ediblər.
Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.