Həsən Nəsrullahın varisi kim olacaq?
“Hizbullah”da yeni liderin seçilməsi barədə xəbər lentlərindəki məlumatlar qeyri-ciddidir. Bu hərbi-siyasi qrupda varislik məsələsi hələ həllini tapmayıb. Onun qapalı bir təşkilat olduğunu nəzərə alsaq, yalnız rəsmi açıqlama ilə kimin lider seçildiyi məlum olacaq. Bunu isə gözləmək lazımdır”.
“turaninsesi.az” xəbər verir ki, bunu iranşünas-yazar Əziz Rzazadə bildirib.
Onun sözlərinə görə, Həsən Nəsrullahın ölümündən 2 gün əvvəl “Əl-Arabiyya” kanalında səslənən iddialara diqqət yönəltmiş bəzi siyasi müşahidəçilər aldanırlar.
“Hizbullah” baş katibinin müavini və Livandakı şiə siyasi hərəkatının köhnə simalarından biri Şeyx Nəim Qasim və Seyyid Haşim Səfiəddin çox-çox əvvəldən Həsən Nəsrullahın əvəzedicisi kimi nəzərdən keçirilirdilər. Əsas varis, müəyyən rəylərə görə, Haşim Səfiəddin sayılır. O, bir çox cəhətdən Həsən Nəsrullaha bənzəyir, o cümlədən görünüşü və danışıq tərzi ilə.
Livanda “Hizbullah”ın 2 nömrəli adamı olan Səfiəddin təşkilat daxilində təhsil sistemi və maliyyə işlərinə nəzarət edirdi. O, 2017-ci ildən ABŞ-nın sanksiya siyahısındadır. Səfiəddinin Bağdadda öldürülən “Sepah” generalı Qasim Süleymani ilə də qohumluq əlaqələri var – onlar quda idilər.
“Hizbullah”ın İcraiyyə Şurasının katibi Haşim Səfiəddin 1964-cü ildə Livanın cənubunda anadan olub. 1980-ci illərdə o, dini elmləri öyrənmək üçün anasının əmisi oğlu sayılan Həsən Nəsrullahla birlikdə Qum şəhərinə yollanıb. 1983-cü ildə Livan Şiə-İslam Şurasının üzvü olan Məhəmməd Əli əl-Əminin qızı ilə evlənib. 1994-cü ildə Həsən Nəsrullah Haşim Səfiəddini “Hizbullah”ın Beyrut bölgəsi üzrə rəhbər təyin edib. Daha sonra, 1995-ci ildə o, “Hizbullah”ın hərbi fəaliyyətinə cavabdeh olan Cihad Şurasına rəhbərlik edib. 1998-ci ildə Səfiəddin qrupun İcraiyyə Şurasına daxil olub.
Nəim Qasim də 2006-cı ildən Həsən Nəsrullahın mümkün varisi kimi tanınır. O, Livan Universitetində fransız dilində kimya üzrə bakalavr dərəcəsi, habelə Livan dini hövzəsində ilahiyyat təhsili alıb. Mərhum İmam Musa Sədrlə birlikdə “Əməl” hərəkatının formalaşmasında, həmçinin, Livanda “Hizbullah”ın təşəkkülündə yaxından iştirak edib. Qasim 1991-ci ildən ardıcıl 5 müddətə Livan “Hizbullah”ının ikinci şəxsi olub. Xatırlatmaq yerinə düşər ki, təşkilat adından son bəyanatı verən də məhz odur.”
Ə. Rzazadə qeyd edib ki, “Hizbullah”da varisliyə iddialı daha bir şəxs var:
“Bu Şeyx Məhəmməd Yazbəkdir. Bəs o kimdir? Məhəmməd Yazbək 1950-ci ildə Baalbək bölgəsinin Budai kəndində doğulub. Maraqlı olan onun familiyasıdır. Deyilənə görə, bu ailə, ümumən klan orta əsrlərdə Livanda məskunlaşıb və özbək mənşəlidir.
Şeyx Yazbək 1965-ci ildə dini təhsilini Nəcəfdə alıb. Onun ilk müəllimi Ayətullah Seyyid Möhsün Həkim Təbatəbai olub. Şeyx Məhəmməd Yazbək hazırda Livanda ən yüksək dini dərəcəyə – fəqihliyə sahibdir. Amma o, dini şəxsiyyətdir, “Hizbullah”a rəhbərliyi öz üzərinə götürməyə razılaşacaqmı, – bilinmir”.
İranşünas-yazar əlavə edib: “Həsən Nəsrullahın qətlindən 2 əvvəl “Əl-Arabiyya” kanalına verilmiş bir müsahibə indi beyinləri çox qarışdırıb. Bəziləri həmin müsahibədə səslənən iddiaları son həqiqət belə sayır.
Livandakı Ərəb İslam Şurasının baş katibi, keçmiş “hizbullah”çı Məhəmməd Əli əl-Hüseyni bildirib ki, təşkilatı iflasa sürükləyən səhv siyasət ucbatından İcraiyyə Şurasında Həsən Nəsrullaha qarşı etimadsızlıq mühiti hökm sürür və artıq Şeyx Məhəmməd Yazbək varis göstərilir.
Əl-Hüseyninin iddiasına görə,“Hizbullah” daxilində ilk dəfə təşviş vəziyyəti yaranıb. Guya Həsən Nəsrullah qərar qəbuletmə sahəsində artıq etibarlı şəxs deyil və özünün psixoloji problemləri var və ş.
İranın Livandakı nüfuzlu əleyhdarı olan əl-Hüseyni hesab edib ki, Həsən Nəsrullaha nəzarət etmək imkanı yalnız Ayətullah Xamnəidə qalıb. Daha sonra o, ilk fikri ilə ziddiyyət təşkil edən sözlər işlədib: “Hizbullah”ın gücü Dəməşqdədir və Bəşər Əsəd hakimiyyətdə olduğu müddətdə “Hizbullah”a dəstək davam edəcək. Kim bu partiyanın qüdrətini məhv etmək istəyirsə, Dəməşqdəki tənliyi dəyişməlidir”.
Əl-Hüseyni sonda iddia edib ki, Tehran Həsən Nəsrullahı ələ verib və “o, vəsiyyətnaməsini nə qədər tez yazarsa, bir o qədər yaxşıdır”.
“Hizbullah”da varislik məsələsini zamanın öhdəsinə buraxaq. Ümumən bu qrupun da daxil olduğu “Müqavimət oxu”nda rəhbər şəxslərin kimliyi İslam Respublikası üçün önəmli deyil. Tehran üçün vacib olan məlum coğrafiyada mövcudluğunu, nüfuzunu saxlamaqdır”, – deyə Ə. Rzazadə fikirlərini yekunlaşdırıb.