Bu gün Səmərqənddə TDT Dövlət Başçılarının Zirvə Toplantısı keçiriləcək
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Toplantısı keçiriləcək.
“Turanın səsi” xəbər verir ki, sammitin gündəliyində iqtisadiyyat, nəqliyyat və ticarət kimi mövzular yer alıb, təşkilatın fəaliyyəti və gələcəyi ilə bağlı mühüm qərarlar qəbul ediləcək.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyi ilə həyata keçiriləcək sammitdə Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstan prezidentlər səviyyəsində, müşahidəçi ölkə olan Macarıstan isə baş nazir səviyyəsində iştirak edəcək. Müşahidəçi ölkə olan Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, TDT-nin Baş katibi Bağdad Amreyevin də sammitdə təmsil olunacağı gözlənilir.
TDT-nin ən yüksək səviyyəli platforması olan Dövlət Başçıları Sammitində liderlər üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsi aparacaqlar.
Təşkilatın sədrliyinin Türkiyədən Özbəkistana keçəcəyi sammit proqramının sonunda liderlər Səmərqənd Bəyannaməsini imzalayacaqlar.